İranda dolların məzənnəsi yeni tarixi rekord vuraraq 233 900 tümənə yüksəlib. İki həftə əvvəl bu göstərici 206 400 tümən idi və dolların bahalaşması təxminən 13 faizə çatıb. Digər tərəfdən, Türkiyədə lirə dollar qarşısında hələ də təzyiq altındadır. Regionun iki böyük ölkəsində milli valyutaların dəyər itirməsi Azərbaycanda da narahatlıq yaradıb.
İran və Türkiyədə milli valyutaların zəifləməsi Azərbaycana, xüsusilə manatın məzənnəsinə təsir göstərə bilərmi?
Globalinfo.az-a danışan iqtisadçı Turab Rzayev deyib ki, İran və Türkiyədəki iqtisadi vəziyyəti Azərbaycanla müqayisə etmək çox da uyğun olmazdı:
“Çünki hər üç ölkədə tamamilə fərqli iqtisadi reallıqlar mövcuddur. İran uzun müddətdir sanksiyalar altındadır. Ölkənin əsas gəlir mənbəyi olan neft və qazın satışında ciddi çətinliklər yaranıb və enerji ixracından ölkəyə kifayət qədər valyuta daxil olmur. Nəticədə dollar qıtlığı yaranır, İran valyutası sürətlə dəyər itirir və ölkə iqtisadiyyatı ilə bağlı gözləntilər aşağı düşür. İrana qarşı daha sərt iqtisadi sanksiyaların tətbiqi, beynəlxalq valyuta sistemindən təcrid olunması və valyuta mənbələrinin məhdudlaşması da milli valyutaya ciddi təzyiq yaradır. Bunun üzərinə müharibə və mümkün hərbi qarşıdurma ilə bağlı gözləntilər də əlavə olunduqda, İran valyutasının dəyər itirməsi başadüşüləndir. Türkiyə lirəsi ilə bağlı da oxşar mənzərə yaşanır. Lirə uzun müddətdir dəyər itirir. Bunu müəyyən mənada hökumətin iqtisadi siyasəti ilə də əlaqələndirmək mümkündür. Belə ki, milli valyutanın məzənnəsinə müəyyən qədər sərbəstlik verməklə iqtisadi rəqabətliliyin artırılması hədəflənə bilər. Digər tərəfdən, daxili və xarici amillər də lirənin məzənnəsinə ciddi təsir göstərir”.
Turab Rzayev
Ekspert bildirib ki, Azərbaycan iqtisadiyyatında isə vəziyyət tamamilə fərqlidir:
“Ölkəyə əsas valyuta gətirən resurslar neft, qaz və digər karbohidrogen ehtiyatlarıdır. Xaricdən daxil olan sərt valyutanın böyük hissəsi məhz bu mənbələr hesabına formalaşır. Daha kiçik hissə isə kənd təsərrüfatı və qızıl ixracından daxil olur. Bunlar da əsasən xammal resurslarıdır. Hazırda dünya bazarında həm neft, həm də qızılın qiymətləri yüksəkdir. Xüsusilə İranla bağlı müharibə və Hörmüz boğazında yaranan vəziyyət neft qiymətlərinə ciddi təsir göstərir. Qızılın qiyməti də son illərin yüksək səviyyələrindən birinə çatıb. Bu baxımdan Azərbaycanın xaricdən sərt valyuta axını ilə bağlı ciddi problemi yoxdur”.
İqtisadçı qeyd edib ki, manatın devalvasiyası yalnız iqtisadi aktivliyin artırılması, istehsal və ixrac gücünün genişləndirilməsi məqsədilə dövlət siyasəti olaraq belə bir qərar qəbul ediləcəyi halda gündəmə gələ bilər:
“Məsələn, ixrac yönümlü iqtisadiyyata keçid, ölkədə istehsal olunan məhsulların maya dəyərinin aşağı salınması və ixracın təşviqi məqsədilə rəsmi devalvasiya siyasəti həyata keçirilərsə, manatın məzənnəsində dəyişiklik mümkündür. Bütün digər hallarda isə hazırda Azərbaycan manatı üzərində ciddi devalvasiya təzyiqi üçün real əsas yoxdur”.
Ləman İmran
Globalinfo.az