Gürcüstanda vəhşicəsinə öldürülən Fatimə Kərimova ilə bağlı yeni detallar üzə çıxıb.
Globalinfo.az xəbər verir ki, Fatimə Kərimovanın öldürülməsi ilə bağlı bir çox informasiya həqiqəti əks etdirmir.
Fatimə Kərimovanın bir bacısı var. 2020-ci ildə anası, 2022-ci ildə isə atası vəfat edib. Orxan adlı şəxslə sevgi münasibəti olub və daha sonra ayrılıblar. Atasının vəfatından sonra isə varisliklə Fatimənin adına bir neçə daşınmaz əmlak keçib.
F.Kərimova bu müddət ərzində Orxan adlı şəxslə birlikdə həmin əmlaklardan birini satıb və əmlakın pul bölgüsü üstündə tərəflər arasında mübahisə yaranıb. F.Kərimova Orxanı məhkəməyə də verib.
Daha sonra Fatimə Kərimova K.M-lə ( ad, soyad şərtidir) tanış olub və ailə həyatı qurmaq qərarına gəliblər. Bundan sonra isə Fatimə Kərimovanın Orxan adlı şəxslə münasibətinin olması narazılıq yaradıb. K.M-in ailəsi bu münasibətə qarşı olub.
K.M isə ailəsinin qızdan ayrılmaq tələbini qəbul etməyib. Daha sonra cütlük Fatimə Kərimovanın bibisi oğlu olduğu deyilən Rahib adlı şəxs tərəfindən biznes qurmaq təklifi ilə Gürcüstana dəvət edilib. Cütlük bundan sonra Gürcüstana yollanıb. Bir müddət Gürcüstanda birgə yaşadıqdan sonra isə aralarında mübahisələr olub və Fatimə Kərimovanın bibisi oğlu da məsələyə müdaxilə edərək, yola getmirlərsə, ayrılmalarını məsləhət görüb. Bundan sonra K.M Fatimə Kərimovadan ayrılaraq Bakıya qayıdıb. Daha sonra isə o, Fatimə Kərimova ilə əlaqə saxlayaraq Bakıya qayıtmağı təklif edib. F.Kərimova isə əmisi oğlu Eminin gəldiyini və onunla birlikdə 3 gün ərzində Bakıya qayıdacağını bildirib. Sonra isə tərəflər arasında əlaqə kəsilib.
F.Kərimovanın əmisi oğlu bir müddət onu Tiflisdə kirayə tutduğu mənzildə saxlayıb və bu müddət ərzində F.Kərimovaya şiddət göstərib və son olaraq da boğaraq qətlə yetirib.
Cinayəti törətdikdən sonra isə sözügedən şəxsin digər bir xarici ölkəyə qaçdığı bildirilir.(milli.az)
X X X
Gürcüstanda qətlə yetirilən 21 yaşlı Fatimə Kərimova Azərbaycana gətirilərək dəfn olunub.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, mərhum Ağcabədi şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Fatimə Kərimova bir neçə gün əvvəl sevgilisi tərəfindən aldadılaraq Gürcüstana aparılıb. Ona birlikdə yaşamaq və işləmək vəd edilib. Həmin şəxsin ondan borc pul aldığı və qaytarmadığı, daha sonra isə qızı döyərək küçəyə atdığı iddia olunur. Ardınca həmin şəxs təkbaşına Azərbaycana qayıdıb. Məlumata əsasən, Fatimənin yaxın qohumu onu geri gətirmək məqsədilə Gürcüstana gedib və vəziyyət sabitləşdikdən sonra Azərbaycana qaytaracağını bildirib. Lakin bir müddət sonra Fatimə ilə əlaqə kəsilib. Azərbaycanda yaşayan kiçik bacısı iki gün bacısından xəbər ala bilmədiyi üçün onların qaldığı mənzilin sahibi olan qadınla əlaqə saxlayıb. Bundan sonra hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə baxış keçiriblər. Qapı sındırıldıqdan sonra Fatimə Kərimovanın meyiti mənzildə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.