Rusiya-Ukrayna müharibəsində döyüşlər davam etsə də, diplomatik həll cəhdləri tamamilə dayanmayıb. Son vaxtlar tərəflər arasında danışıqların dalana dirənməsi fonunda Türkiyə yenidən vasitəçi rolunu üzərinə götürməyə hazır olduğunu bəyan edib. Ankara hesab edir ki, münaqişənin daha da dərinləşməsinin qarşısını almaq üçün diplomatik proses qısa zamanda bərpa edilməlidir.
Türkiyənin yenidən vasitəçilik təşəbbüsü indiki mərhələdə real nəticə verə bilərmi? Moskva və Kiyev danışıqlar masasına qayıtmağa nə dərəcədə hazır görünür?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, əslində, həm Moskva, həm də Kiyev danışıqlar masasına qayıtmağın zəruriliyini başa düşür:
“Hər iki tərəf uzun sürən müharibədən yorulub, ciddi itkilər verib və anlayır ki, ABŞ ilə İran arasında müvəqqəti də olsa əldə olunan anlaşmadan sonra beynəlxalq diqqət yenidən Rusiya–Ukrayna müharibəsinə yönələcək. Donald Trampın bu istiqamətdə verdiyi bəyanatlar da onu göstərir ki, tərəflər istəsələr də, istəməsələr də, bu və ya digər formada danışıqlar masasına qayıtmaq üçün ciddi təzyiqlə üzləşəcəklər. Elə bu mərhələdən sonra həm Volodimir Zelenski, həm də Vladimir Putin danışıqların mümkünlüyü ilə bağlı açıqlamalar verdilər. Son olaraq Putin İstanbul danışıqlarının prinsipləri əsasında danışıqların davam etdirilməsinin mümkün olduğunu bildirdi. Zelenski isə Türkiyənin diplomatik səylərinə və vasitəçi kimi iştirakına müsbət yanaşdığını ifadə etdi”.
Politoloqun fikrincə, tərəflərin bu və ya digər şəkildə bir masa arxasında əyləşməsi qaçılmaz görünür:
“Hər iki tərəf bunu yaxşı başa düşdüyü üçün son dövrlərdə hərbi əməliyyatların intensivliyi də artıb. Məqsəd danışıqlar masasına daha güclü mövqedən əyləşməkdir. Bu baxımdan Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələri və Krım istiqamətində həyata keçirdiyi əməliyyatları xüsusi qeyd etmək lazımdır. Bu addımlar Ukraynanın danışıqlar masasında mövqeyini gücləndirməyə hesablanıb. Kiyev bununla göstərmək istəyir ki, müharibəni Rusiyanın dərinliklərinə qədər daşımaq imkanına malikdir və buna görə də Ukraynaya birtərəfli təzyiq göstərilməsi nəticə verməyəcək”.
Türkiyənin vasitəçilik roluna gəldikdə isə, Rəşad Bayramov qeyd edib ki, Hakan Fidan təxminən on gün əvvəl tərəflərin yenidən diplomatik təmaslara başlamasının vacibliyini vurğulayaraq bildirdi ki, Ankara bu istiqamətdə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazırdır:
“Türkiyə həqiqətən də neytral mövqeyi və hər iki tərəflə dialoq imkanları sayəsində prosesi irəli apara biləcək vasitəçi kimi çıxış edə bilər. Ankara indiyədək də bir neçə dəfə vasitəçilik təşəbbüsü göstərərək tərəfləri eyni masa arxasına gətirməyə nail olub. İstanbul danışıqları və Qara dəniz taxıl təşəbbüsü Türkiyənin diplomatik imkanlarının ən uğurlu nümunələri hesab olunur. Xüsusilə taxıl sazişi göstərdi ki, Ankara həm Moskva, həm də Kiyevlə işləyə bilən və əldə olunan razılaşmaların icrasına nəzarət edə bilən praktik vasitəçi roluna malikdir”.
Politoloqun fikrincə, Türkiyə münaqişəni təkbaşına həll edə bilməz:
“Lakin NATO üzvü olması, eyni zamanda Rusiya ilə əlaqələrini qoruyub saxlaması, Ukraynanın suverenliyini dəstəkləməklə yanaşı Moskva ilə dialoqdan imtina etməməsi, eləcə də Qara dəniz regionunun əsas güclərindən biri və müharibənin nəticələrindən birbaşa təsirlənən ölkə olması Ankaraya sülh prosesinin əsas platformalarından birinə çevrilmək imkanı verir. Odur ki, hesab edirəm, yaxın vaxtlarda Rusiya ilə Ukrayna arasında yeni danışıqlar mərhələsinin başlanması istiqamətində razılıqların əldə olunmasının və Türkiyənin bu prosesdə fəal vasitəçi kimi çıxış etməsinin şahidi olacağıq”.
Zaira Akifqızı
Globalinfo.az