zaur ibrahimli oz

“Bu, COP29-dan sonra Birləşmiş Millətlər Təşkilatının təşkil etdiyi ikinci ən böyük tədbirdir. Eyni zamanda, COP29-un qalıcı irslərindən biridir”.

Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.

O bildirib ki, artıq Azərbaycan bu cür mötəbər beynəlxalq tədbirlərin planlaşdırılması və həyata keçirilməsi sahəsində özünü təsdiqləyib:

COP29 zamanı biz vətəndaş cəmiyyətinin ən geniş təmsilçiliyinə, ada dövlətlərinin və gender balansının yüksək səviyyədə təmin olunmasına nail olduq. Bir çox yeniliklər tətbiq edildi. Eyni yanaşmanı bu forumda da müşahidə etdik və artıq buna “Bakı standartları” demək mümkündür. İlk dəfə olaraq liderlər sammiti keçirildi. Həmçinin forum tarixində ilk dəfə qeyri-hökumət təşkilatlarının ayrıca forumu təşkil olundu. Ən vacib məqamlardan biri isə rekord sayda iştirakçının qeydiyyatdan keçməsi idi. Gənclərin, qadınların və digər həssas qrupların iştirakı xüsusi diqqət mərkəzində saxlanıldı”.

Zaur İbrahimli qeyd edib ki, bundan sonra WUF ənənələrində Bakı modeli və Bakı irsi xüsusi yer tutacaq:

“Yəni burada tətbiq olunan yeniliklər forumun gələcək tarixində qalıcı miras kimi xatırlanacaq və hər zaman Bakıda keçirilən forum nümunə kimi qeyd ediləcək. Bu, ölkəmizin beynəlxalq reputasiyasını artırır, diplomatik statusunu gücləndirir və Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir. Xüsusilə iqlim dəyişikliklərindən daha çox zərər görən, iqtisadi qeyri-bərabərliklərlə üzləşən və mürəkkəb keçid prosesləri yaşayan regionlarda Azərbaycanın nüfuzu artmaqda davam edir. Qlobal Cənub regionu bunun bariz nümunəsidir.

Eyni zamanda, Azərbaycan artıq qlobal gündəliyin formalaşdırılmasında fəal iştirak edir. Biz sadəcə proseslərin obyekti deyilik, həm də qlobal gündəliyin müəyyənləşdirilməsində subyekt kimi çıxış edirik. Bu isə olduqca mühüm məsələdir”.

Siyasi şərhçi əlavə edib ki, son on il ərzində Azərbaycan dünyada analoqu olmayan iki mühüm nümunə ortaya qoyub:

“Birincisi, sülh quruculuğu modelidir. Azərbaycanın timsalında ilk dəfədir ki, ərazisi işğal olunmuş bir ölkə müharibədə qalib gəlib, suverenliyini bərpa edib və eyni zamanda müharibə apardığı dövlətlə sülh müqaviləsinin tərəfi kimi çıxış edir. Bu, dünyada nadir bir modeldir.

İkinci model isə işğaldan azad olunmuş ərazilərin bərpasıdır. Azərbaycan geniş mina təhlükəsi və ağır dağıntılar şəraitində həmin əraziləri yenidən qurmağa nail olub. Bu gün Qarabağ və Şərqi Zəngəzurda yaşıl şəhərlər, yaşıl kəndlər salınır. Post-müharibə dövründə bu miqyasda yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi baxımından Azərbaycan unikal təcrübə yaradıb. Hazırda dünyada müxtəlif müharibələr davam edir və bir çox ölkələr ciddi dağıntılarla üz-üzədir. Məsələn, Ukraynanın böyük hissəsi müharibə nəticəsində dağıdılıb, milyonlarla insanın yaşadığı yaşayış məntəqələri yerlə-yeksan olub. Digər regionlarda da oxşar vəziyyət müşahidə edilir. Belə bir şəraitdə Azərbaycanın, xüsusilə yüksək mina təhlükəsi olan ərazilərdə həyata keçirdiyi quruculuq və bərpa modeli beynəlxalq səviyyədə olduqca vacib və dəyərli təcrübə hesab olunur. Bu, Azərbaycanın dünyaya təqdim edə biləcəyi mühüm töhfələrdən biridir.

Nəzərə almaq lazımdır ki, Azərbaycan mina ilə ən çox çirkləndirilmiş 10 ölkə sırasında yer alır. Belə riskli şəraitdə genişmiqyaslı bərpa işlərinin aparılması böyük əhəmiyyət daşıyır. Rəqəmlərə nəzər salsaq, Ermənistanın işğalı nəticəsində Azərbaycanın 900-dən çox yaşayış məntəqəsi dağıdılıb və viran qoyulub. Hazırda isə Azərbaycan 12 şəhəri yenidən qurur. İşğaldan azad olunmuş ərazilərdə artıq yüz minlərlə insan yaşayır və fəaliyyət göstərir.

Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirəcək, ölkəyə sərmayə və turist axınını artıracaq. Hesab edirəm ki, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsində və nüfuzunun artmasında bu proseslərin rolu gələcəkdə daha da böyük olacaq”.

Ləman İmran
Globalinfo.az

Paylaş: