Ötən gecə İrana qarşı hava və dəniz əməliyyatları həyata keçirilib. Tehran, Qeşm və Bəndər Abbasda partlayış səslərinin eşidildiyi bildirilir. Lakin ABŞ Prezidenti Donald Tramp ABC-yə açıqlamasında atəşkəsin qüvvədə qaldığını və icra olunduğunu söyləyib.
Beləliklə, atəşkəs pozuldu və yeni hücumlar başladı? Bu dəfə ABŞ-la İran arasındakı müharibə hara kimi davam edəcək?
Globalinfo.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, ABŞ və İran arasında Hörmüz boğazı ətrafında baş verən eskalasiya Yaxın Şərqdə hərbi-siyasi balansın hələ də son dərəcə kövrək olduğunu deməyə əsas verir:
“Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham etsə də, diplomatik kanalların tam bağlanmamasına səy göstərirlər. Deməli, indiki durumda amal tammiqyaslı müharibə deyil, daha çox qarşı tərəfə siyasi və strateji təzyiq etməkdir.
Habelə, İranın ABŞ-ı Hörmüz boğazı yaxınlığında hücumlar həyata keçirməkdə ittiham etməsi də təsadüfi deyil. Tehran Hörmüz boğazının dünyanın enerji təhlükəsizliyi baxımından ən kritik nöqtələrindən biri olduğunu yaxşı anlayır. Burada baş verən hər hansı insident qlobal bazarlara dərhal təsir edir. İran bu strateji üstünlükdən istifadə edərək həm Vaşinqtona, həm də beynəlxalq ictimaiyyətə mesaj ötürür ki, regionda sabitliyin pozulması dünya iqtisadiyyatı üçün ciddi nəticələr yarada bilər.
Qeşm adası ətrafında baş verən hadisələr də İranın “asimmetrik müharibə” strategiyasının davam etdiyini göstərir. İran ABŞ ilə ənənəvi hərbi güc baxımından rəqabət aparmaq imkanına malik olmasa da, coğrafi üstünlüklər, pilotsuz uçuş aparatları və sürətli hücum vasitələri ilə regionda balans yaratmağa çalışır. Bu strategiya yeni deyil, uzun illərdir ki, Tehran tərəfindən tətbiq edilir və xüsusilə Hörmüz boğazında özünü daha açıq şəkildə göstərir”.

Şəbnəm Həsənova
Politoloq bildirib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının yanaşması “təzyiq və danışıqlar” modeli üzərində qurulub:
“Vaşinqton hərbi mövcudluğunu nümayiş etdirərkən, həm də İranı yeni nüvə razılaşmasına məcbur etməyə çalışır. Trampın, “razılaşma mümkündür, amma hücumlar yenidən başlaya bilər”, – mesajı da məhz bu siyasətin komponentidir. ABŞ-ın hesabı onun üzərində qurulub ki, iqtisadi və hərbi təzyiq Tehranın daha çevik mövqe sərgiləməsinə səbəb ola bilər.
İrandakı daxili durumunu da nəzərə almadan keçmək olmaz. İran Prezidenti Məsud Pezeşkian ilə Ali Rəhbər Müctəba Xamenei arasında keçirilən görüşün ictimaiyyətə açıqlanması ölkə daxilində siyasi koordinasiyanın gücləndirilməsinə xidmət edir. Tehran bir yandan daxili auditoriyaya, digər yandan da xarici güclərə ölkə rəhbərliyinin strateji məsələlərdə vahid mövqeyə malik olduğunu göstərməyə çalışır.
Mövcud durum ondan xəbər verir ki, tərəflər arasında gərginlik yaxın dövrdə tam aradan qalxmayacaq. Lakin həm Vaşinqton, həm də Tehran anlayır ki, birbaşa genişmiqyaslı müharibə region üçün dağıdıcı nəticələrə səbəb ola bilər. Bu baxımdan, yaxın mərhələdə əsas mübarizə hərbi əməliyyatlardan daha çox siyasi təzyiq, diplomatik manevrlər və strateji mesajlar üzərindən davam edəcək”.
Turan Rzayev
Globalinfo.az