Son vaxtlar adı mediada qaranlıq tender mexanizmləri və milyonluq dövlət sifarişləri ilə gündəmə gələn “Xezer-Construction” MMC ilə bağlı ortaya çıxan faktlar həm hüquqi, həm də iqtisadi baxımdan ciddi suallar doğurur. Nizamnamə kapitalı cəmi 200 manat olan, fəaliyyəti və texniki imkanları barədə açıq məlumat verilməyən şirkətin qısa müddətdə yüz milyonlarla manatlıq dövlət sifarişi alması satınalma sisteminin şəffaflığı ilə bağlı narahatlıqları artırır.
İqtisadçı Akif Nəsirlinin Globalinfo.az-da yayımlanan araşdırmasında göstərilir ki, oxşar xüsusiyyətlərə malik bir neçə şirkət Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyindəki qurumlardan ardıcıl şəkildə iri məbləğli tenderlər qazanıb. O hesab edir ki, subpodrat zəncirinin nəzarətsiz qalması nəticəsində dövlət vəsaitinin mühüm hissəsi real tikinti işlərinə deyil, vasitəçi şirkətlər arasında bölüşdürülür. Bu isə son nəticədə həm büdcə itkilərinə, həm də keyfiyyətsiz yol, drenaj və infrastruktur problemlərinə səbəb olur. Mövcud qanunvericilikdə subpodratın həcminə məhdudiyyət qoyulmaması və “ən ucuz təklif” prinsipinin üstün tutulması problemin əsas səbəblərindən biri kimi göstərilir.
“Xezer-Construction” MMC ilə bağlı ortaya çıxan faktlar hüquq mühafizə orqanlarının diqqətini niyə cəlb etmir? Nizamnamə kapitalı və real fəaliyyəti zəif görünən şirkətlərin milyonlarla manatlıq tenderlər qazanması iqtisadi baxımdan hansı riskləri yaradır?
Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, əgər araşdırma aparılmış olsaydı, hüquq-mühafizə orqanları ictimaiyyətə bununla bağlı hər hansı məlumat verərdi:
“Cinayət-Prosessual Məcəlləsində qeyd olunur ki, kütləvi informasiya vasitələrində yayılan məlumatlar əsasında prokurorluq orqanları fakt üzrə cinayət işi başlada bilər. Amma bu, imperativ norma olmadığından, prokurorluq məsələ ilə bağlı hər hansı araşdırma aparmayıb”.
Mehman Muradlı
Vəkil qeyd edib ki, bütün hallarda “Xezer-Construction” MMC ilə bağlı vətəndaş şikayəti və ya rəsmi müraciət daxil olsaydı, yaxud cinayət işi başlanılsaydı, ictimaiyyətə mütləq məlumat verilərdi:
“Media qurumları da mətbuatda yayılan şirkət haqqında faktlara əsaslanaraq Baş Prokurorluğa müraciət edib həmin məsələnin araşdırılmasını tələb edə bilərlər”.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə bildirib ki, belə şirkətlərə böyük dövlət sifarişlərinin verilməsi bir neçə ciddi iqtisadi risk yaradır:
“Birincisi, işin keyfiyyəti təhlükə altına düşür. Texniki imkanları və maliyyə bazası zəif olan şirkət götürdüyü öhdəliyi yerinə yetirə bilmir, işi özünün müəyyən etdiyi başqa şirkətə ötürür. Nəticədə inşaat, infrastruktur və ya digər sahələrdə qüsurlu işlər meydana çıxır. Bu isə dövlətə əlavə xərclər yaradır. İkincisi, büdcə vəsaitləri səmərəsiz xərclənir. Kapitalı 200 manat olan bir qurum yüz milyonluq sifariş aldıqda, pulun faktiki olaraq hara getdiyi şübhəli olur. Çox zaman belə hallarda şirkət vasitəçi rolunda çıxış edir, işi üçüncü, dördüncü tərəflərə verir və fərqi özündə saxlayır. Bu mexanizm dövlət büdcəsinin sistemli şəkildə “yuyulmasına” zəmin yaradır”.
Akif Nəsirli
İqtisadçı əlavə edib ki, belə hallarda rəqabət mühiti də pozulur:
“Həqiqi texniki gücü, iş təcrübəsi və maliyyə sabitliyi olan şirkətlər tenderdən kənarda qalır. Bu hal bazarda vicdanlı rəqabəti məhv edir, perspektivli şirkətlərin inkişafını əngəlləyir və sektoru durğunluğa sürükləyir. Digər tərəfdən, sistemik inam böhranı yaranır. İnvestorlar və beynəlxalq tərəfdaşlar satınalma sisteminin şəffaf olmadığı ölkəyə uzunmüddətli kapital qoymaqdan çəkinirlər. Bu isə xarici investisiyaları azaldır və iqtisadi inkişafa birbaşa mənfi təsir göstərir”.
Ləman İmran
Globalinfo.az