WhatsApp Image 2026 08 10 at 15.53.22 1 900x610 2

Keçmişin xarabalıqlarında vurnuxmayan xalqlar sürətlə inkişaf edib, dünyada söz və mövqe sahibi olurlar. Keçmişlə əlləşən cəmiyyətlərin isə ruhu qocalır, inkişafdan qalır. Hələ həmin tarix, keçmiş mübahisəlidirsə, ona toxunmamaq lazımdır. İmtina etməyək, heç edə də bilmərik. Sadəcə tarixin tozlu rəflərində qalsın, kifayətdir.

Bəzi Avropa xalqlarının yaxın-uzaq keçmişində utancverici, bugünkü reallıqlar baxımdan mübahisəli hadisələr olub. Onu qapadıblar, bir daha da müzakirə etmirlər. Müzakirə başlasa, gərginlik yaşanar, hamı bir-birini suçlayar. Bunun əvəzinə qərar veriblər ki, keçmişi qurdalamayaq, gələcəyə baxaq və inkişaf edək.

Şah İsmayıl mövzusunda heç kim haqlı çıxmayacaq. Bu elə mövzudur ki, burada qalib gəlmək, haqlı çıxmaq asan deyil. Hökmdarların qərarları bütün dövrlərdə mübahisəli olur. Onları nə haqlı çıxarmaq mümkündür, nə haqsız. Dövrün şərtləri, üzləşdikləri reallıqlar, coğrafi şərait, şəxsi keyfiyyət və sair amillər ciddi rol oynayır. 5-6 əsr əvvəlki dünya və regionla indiki arasında müqayisəolunmaz fərqlər yaranıb. Bu gündən baxıb, orta əsr dövrünü dəyərləndirmək, obyektiv nəticə çıxarmaq asan məsələ sayıla bilməz.

Üstəlik, Şah İsmayıl mövzusu Anadolu ilə Azərbaycan arasında əsrlər boyu soyuqluq yaradıb. Çaldıran döyüşü hələ də unudulmur. Hər fürsətdə xatırladılır. İndinin özündə mübahisə yaranır. Bəzi dairələr də bundan sui-istifadə edib, vəziyyəti daha da gərginləşdirməyə çalışırlar. Təsəvvür edin, Çaldıran döyüşü üzündən iki qardaş ölkə arasında, eyni kökə sahib xalq arasında əsrlərlə, yumşaq ifadə etsək, inciklik olub. Üstəlik sünni Osmanlı (Türkiyə) ilə şiə Azərbaycanı ortaq maraqlar və hədəflər ətrafında bir araya gətirmək mümkün olmayıb.

Bu intriqanı Azərbaycanın bugününə köçürmək, ictimai fikrə daşımaq və mübahisələndirmək yolverilməzdir. Hətta qadağan olunmalıdır! Özümüzə qadağa qoymalıyıq! Avropa və başqa xalqlar necə ki cəmiyyət olaraq bunu edib və faydasını görüb, biz də o xəttə üstünlük verməliyik.

Yalnız 20-ci əsrin əvvəllərində ideoloqlar, türkçülüyün baniləri olan işıqlı insanlar TürkiyəAzərbaycan arasında ortaq dəyər yarada biliblər. Bu, siyasi Turançılıq ideologiyasıdır. Onlar türklərin birliyinə mane olan məzhəbçiliyi arxa plana ata bildilər.

Ötən əsrin əvvəlindəki Azərbaycan istiqlalçı nəsli, Turançılıq ideologiyasının memarları bu xətti siyasi fəlsəfə kimi ortaya qoydular. Turan ideologiyasının bütün dünya türklərini, xüsusilə də Anadolu və Azərbaycan türklərini bir-birinə bağlayan əsas xətt olduğunu isbatlayıblar. Bu gün Azərbaycanla Türkiyə arasındakı mehribanlıq, doğmalıq həm də bu sağlam bünövrəyə görədir.

Əli bəy Hüseynzadə bu istiqamətdə böyük işlər görüb. Onun yaradıcılığı, ortaya qoyduğu işlər haqda çox yazılıb, deyilib.

Turançılıq ideologiyasının digər banilərindən olan, Mustafa Kamal Atatürkün “…fikrimin atası” adlandırdığı Ziya Göyalp özünün “Turan” şeirində dünya türklərinə sanki yol xəritəsi təqdim edib:

“Vətən nə Türkiyədir türklərə, nə də Türküstan

Vətən böyük və müəbbəd bir ölkədir – Turan”.

Yaxud İsmayıl bəy Kaspıralı məşhur düsturunda türkləri eyni hədəfə yönləndirir:

“Dildə, fikirdə, işdə birlik”.

Bu, Türk Birliyinin yol xəritəsi, Turanın nəzəriyyəsi, ideolojisi, alt qatıdır.

Ziya Göyalpın “Türkçülüyün əsasları” əsərini də Turançılığın konstitusiyası saymaq mümkündür. Ziya Göyalp deyib: “Turanın İstiqlal beşiyi Bakıdır”.

Məhəmməd Əmin Rəsulzadə vurğulayırdı ki, Azərbaycan müstəqil və güclü olmadan Türk dünyasının bütövlüyü və inteqrasiyası mümkün deyil. Onun “Əsrimizin Siyavuşu” əsərində dediyi o məşhur tezis bu gün reallaşmaqdadır. Rəsulzadə yazırdı: “Yeni Turanın açarı Azərbaycandır”.

“Yeni Turan” sadəcə xəyali və ya romantik bir imperiya deyil, milli müstəqilliyə, demokratiyaya, hüququn aliliyinə və qarşılıqlı əməkdaşlığa dayanmış Türk birliyidir.

100 ildən çox yaşı olan bu nəzəriyyəni – Yeni Turançılıq ideologiyasını Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan gerçəyə çevirməkdədir. Türkiyə-Azərbaycan əlaqələri inkişaf edib, iki qardaş ölkə arasında Şuşa Bəyannaməsi kimi strateji sənəd imzalanıb. Həmçinin Türk Dövlətləri Təşkilatı (TDT) yaradılıb. Bu təşkilatın əsası 3 oktyabr 2009-cu ildə Naxçıvanda – Azərbaycan ərazisində qoyulub. TDT-nin intibah dövrü İkinci Qarabağ savaşından sonra başladı. İlham Əliyevin komandanlığı ilə Azərbaycanın öz suverenliyini bərpa etməsi Turanın qapılarını dünya türklərinin üzünə açdı. Yeni Turanın açarının Azərbaycan olduğunu praktiki və faktiki olaraq Prezident İlham Əliyev dünyaya sübut etdi. Ziya Göyalpın “Qızıl Alma Bakıdadır” fikri isbatlandı.

Bu o qapıdır, bu o yoldur ki, böyük dövlətlər orda sıraya düzülüb, növbələrini gözləyir. ABŞ Prezidenti Donald Tramp 1 il öncə ölkəsini bu meqalayihəyə şərik etdi. Bu o əməldir ki, dünyaya müharibə əxlaqı və sülh örnəyi nümayiş etdirildi. İlham Əliyev ölkəsinə və xalqına olmazın pisliklərini etmiş, ərazimizi işğala, əhalimizi soyqırımına məruz qoymuş Ermənistanla müharibə apardı, amma mülki erməni əhaliyə zərər vermədi. Mülki şəhərləri – hansı ki, onlar Azərbaycanın tarixi əraziləridir – bombalatmadı. 21-ci əsrdə – az qalsın siyasətdə bütün dəyərlərin yox olduğu dövrdə Əliyev bununla ortaya yeni dəyər qoydu! Ordu ilə savaşdı, qalib gəldi. Günahsız insanlara isə toxunmadı. Bu gün Xankəndidə erməni ailələr rahat yaşayır, onlara dəyən yoxdur. Müharibə zamanı da Xankəndidəki ermənilər Azərbaycan ordusundan, dövlətindən zərər görmədi. Onların şəhəri tərk etməsi üçün heç bir müdaxilə olmadı, könüllü şəkildə getdilər.

Bu qədər işıqlı  nəticələr olduğu halda, üstəlik son 5-6 ildə ortaya çıxan və öyrənilməli, təbliğ olunmalı tarixi faktların mövcudluğu fonunda niyə 15-16-cı əsrlərdə eşələnək? Nədən özümüzü və cəmiyyəti yersiz olaraq yoraq, enerjimizi boşuna xərcləyək?

Tarixin xarabalıqlarında nə işiniz var? 600 il öncə qılıncla verilmiş hökmləri bu gün sözlə dəyişdirməkmi istəyirsiniz? Qarşınıza göydən İsmayıl qurbanı enməyəcək, başımıza isə İsmayıl qılıncı enə bilər.

Sizə sərkərdəmi lazım? Sizə qalib lidermi lazım? Sizə dövlətinin ərazi bütövlüyünü bərpa etmiş komandanmı lazım – niyə uzağa gedirsiniz? Yanımızdadır, başımızdadır…

WhatsApp Image 2026 03 05 at 15.54.52

Azər Ayxan
Globalinfo.az

Paylaş: