Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar.
Globalinfo.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verdilər.
Bildirildi ki, “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama əsasən, şəhərin ictimai nəqliyyat sistemində sərnişindaşımanın yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə ölkəmizdə yığılan və uzunluğu 8,7 metr olan, hər biri 53 sərnişin tutumuna malik “BYD” markalı 60 avtobus alınıb, enerjidoldurma cihazları quraşdırılıb, avtobuslara xidmət göstərilməsi üçün depo infrastrukturu təkmilləşdirilib.
Hərəkətin idarə olunması üçün rəqəmsal dispetçer və monitorinq sistemi quraşdırılıb, həmçinin avtobuslarda bank kartları, QR kod, “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş imkanları yaradılıb.
Bu layihənin icrası ilə Naxçıvan şəhərində 9 marşrut xətti üzrə il ərzində 4,5 milyon sərnişinə yüksək səviyyədə xidmət göstərilə bilər.
Monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izləniləcək. Bu da sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasına nəzarəti təmin edəcək.
“BakuBus” MMC-nin Naxçıvan şəhərində fəaliyyətə başlaması ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və ödəniş proseslərinin tam nağdsız formata keçirilməsinə mühüm töhfə verəcək.
Üç hektara yaxın ərazisi olan depoda zəruri infrastruktur yaradılıb, o cümlədən texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli elektrikdoldurma stansiyası və saatda 15 avtobusun yuyulmasına imkan verən kompleks quraşdırılıb. Depo ikinövbəli iş rejimində fəaliyyət göstərəcək və 200 sürücü, 22 inzibati heyət işlə təmin ediləcək. Sürücülərin aylıq əməkhaqqı isə 1000 manatdan çox olacaq.
Dövlətimizin başçısına və birinci xanıma Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda görülən yenidənqurma işləri barədə də məlumat verildi.
Qeyd edildi ki, Naxçıvan dəmir yolu xəttinin layihələndirilməsinə və tikinti işlərinin icrasına 2025-ci ildən başlanılıb. Hazırda xəttin uzunluğu 188 kilometrdir, yeni layihəyə əsasən isə bu göstərici 194,2 kilometr təşkil edəcək. 10 stansiyanın və 3 sərnişin dayanacağı platformasının yenidən qurulması nəzərdə tutulur.
Hazırda Naxçıvan dəmir yolu xəttinin Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan 7 kilometrlik hissəsi üzrə layihələndirmə işləri tamamlanıb və tikinti işlərinə başlanılıb. Ərazidə mühəndislik və infrastrukturun yaradılması işlərinin bir qismi yekunlaşıb, digər hissəsi isə davam edir.
Əraziyə hazırda 7 kilometrlik rels və 7 min ədəd şpal daşınıb. Burada sentyabrın sonunadək yolun üst quruluşunun 6,3 kilometrlik hissəsinin quraşdırılması planlaşdırılır. Sərhəddən 700 metr məsafədə yerləşən qalan hissədə isə minatəmizləmə işləri tamamlandıqdan və layihələrin uzlaşdırılması məqsədilə TRIPP marşrutu üzrə layihə hazır olduqdan sonra tikinti-quraşdırma işlərinə başlanılması nəzərdə tutulur. Eyni zamanda, Sədərək stansiyasından Türkiyə ilə dövlət sərhədinədək olan hissənin gələcəkdə Türkiyə tərəfindən icra edilən Qars-İğdır-Dilucu dəmir yolu ilə texniki və layihə baxımından uyğunlaşdırılması planlaşdırılır. Hazırda qeyd olunan dəmir yolu xətti üzrə Türkiyə tərəfindən layihələndirmə işləri aparılır.
