ehali

Hüquqi dövlət quruculuğu yalnız qanunvericilik bazasının təkmilləşdirilməsi və hüquq sisteminin gücləndirilməsi ilə məhdudlaşmır. Bu prosesdə vətəndaş cəmiyyətinin fəal iştirakı da mühüm əhəmiyyət daşıyır. Vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və vətəndaşların ictimai proseslərdə iştirakı hüquq və azadlıqların qorunmasına, sosial ədalətin təmin edilməsinə, eləcə də dövlət idarəçiliyində şəffaflığın və ictimai nəzarətin gücləndirilməsinə töhfə verə bilər.

Müasir dövrdə hüquqi dövlətin əsas prinsiplərindən biri də dövlət və cəmiyyət arasında qarşılıqlı etimad və əməkdaşlığın formalaşdırılmasıdır. Vətəndaşların öz hüquqlarını bilməsi, ictimai məsələlərə münasibət bildirməsi və qərarların müzakirəsində iştirak etməsi demokratik idarəçiliyin inkişafı baxımından mühüm amillərdən hesab olunur. Eyni zamanda, cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarının nəzərə alınması qanunvericiliyin və dövlət siyasətinin daha effektiv formalaşdırılmasına imkan yaradır.

Bəs hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətinin rolu nə qədər əhəmiyyətlidir? Dövlət və cəmiyyət arasında əməkdaşlığın gücləndirilməsi hüquqi dövlət prinsiplərinin inkişafına necə təsir edə bilər?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı, İctimai Birliklər və Dini qurumlar komitəsinin üzvü Azər Allahverənov deyib ki, hüquqi dövlətin qurulmasında vətəndaş cəmiyyətinin rolu kifayət qədər böyükdür:

“Ümumiyyətlə, vətəndaş cəmiyyəti hüquqi dövlətin qurulmasında əsas əhəmiyyətə malik sektor kimi dəyərləndirilir. Çünki vətəndaş cəmiyyətinin əsas missiyalarından biri dövlətlə cəmiyyət arasında əlaqənin qurulması, bir növ körpü funksiyasının yerinə yetirilməsi, həm dövlətin vətəndaşlarla bağlı, həm də vətəndaşların dövlətlə bağlı gözləntilərinin təmin olunmasına töhfə verməkdir. Eyni zamanda ictimai nəzarətin həyata keçirilməsində vətəndaşların iştirakının təmin olunması da mühüm əhəmiyyət daşıyır. Nəticə etibarilə, dünyada qəbul olunmuş yanaşmaya görə, güclü hüquqi dövlət eyni zamanda inkişaf etmiş vətəndaş cəmiyyətini də özündə ehtiva edir. Güclü dövlət və güclü vətəndaş cəmiyyəti, sanki, bir medalın iki üzü kimi qiymətləndirilə bilər. Nəzəri və ideoloji yanaşmalarda da bu məsələ xüsusilə vurğulanır.

Nəzərə alsaq ki, hakimiyyət üzərində ictimai nəzarətin həyata keçirilməsi müxtəlif ictimai təsisatlar və təşəbbüs qrupları tərəfindən reallaşdırılır, bu baxımdan vətəndaş cəmiyyətinin fəaliyyəti dövlət qurumlarının vətəndaşlarla bağlı həyata keçirdiyi siyasətin effektivliyini təmin edə biləcək vacib göstəricilərdən biridir. Bu isə nəticə etibarilə cəmiyyətdə vətəndaş məmnunluğunun yüksək səviyyədə olmasına xidmət edir”.

Azer Allahverenov 1 900x600 1

Azər Allahverənov

Deputatın sözlərinə görə, şəffaflıq və hesabatlılıq prinsiplərinin təmin olunması da ictimai nəzarət mexanizmləri vasitəsilə uğurlu şəkildə həyata keçirilə bilər:

“Vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında vətəndaş cəmiyyəti institutlarının mühüm rolu var. Burada insan hüquqları ilə bağlı maarifləndirmənin həyata keçirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, dövlətin tələblərinə uyğun olaraq qanunvericilik təşəbbüslərinin irəli sürülməsi kimi istiqamətləri qeyd etmək olar. Biz eyni zamanda görürük ki, vətəndaş cəmiyyəti institutları tərəfindən hüquqi dövlətin formalaşması istiqamətində müxtəlif təşəbbüslər həyata keçirilir. Bu da nəticə etibarilə hüquq müdafiəsi sahəsində güclü bir mədəniyyətin formalaşmasına səbəb olur.

Həmçinin vətəndaşların dövlət əhəmiyyətli qərarların qəbulunda geniş iştirakının təmin olunması da mühüm məsələlərdəndir. Hökumətin ictimai institutların fəaliyyətini təşviq etməsi, ictimai müzakirələrin, ictimai dinləmələrin, müxtəlif məsləhətləşmələrin və digər ictimai iştirakçılıq mexanizmlərinin həyata keçirilməsi dövlətin reallaşdırdığı siyasətdə vətəndaşların iştirakını təmin edən vacib elementlərdir. Bunu biz vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində xüsusilə görə bilirik. Bu, bir tərəfdən vətəndaşların cəmiyyət üçün maraqlı olan məsələlərin hökumət tərəfindən həllində iştirakını təşviq edir.

Eyni zamanda ictimai monitorinq məsələləri və vətəndaş cəmiyyəti institutlarının müxtəlif qərarların və fəaliyyətlərin həyata keçirilməsi prosesində iştirakı da mühüm əhəmiyyət daşıyır. Bütün bunlar nəticə etibarilə hüquqi dövlətin formalaşmasına və onun effektiv şəkildə fəaliyyət göstərməsinə öz töhfəsini verir. Azərbaycan Respublikasının timsalında da məhz bu tandemin uğurlu şəkildə bərqərar olmasını və daim inkişaf etdirilməsini təmin edən əlverişli hüquqi və institusional müstəvinin formalaşdırıldığını əminliklə deyə bilərik”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu.

media 900x333 1

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: