ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana doğru hərəkət edən Panama bayraqlı “Vela Nova” yük gəmisinin ABŞ-ın tətbiq etdiyi dəniz blokadasını pozmağa çalışdığını və bunun qarşısını almaq üçün gəmiyə zərbə endirildiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60 helikopteri gəminin hərəkət imkanlarını məhdudlaşdırmaq üçün “Hellfire” raketlərindən istifadə edib.
Hadisə Oman körfəzində baş verib. Gəminin 17 nəfərlik heyətinin hamısının sağ olduğu bildirilir. ABŞ tərəfinin məlumatına əsasən, gəmi dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq İran limanına doğru hərəkətini davam etdirib. Nəticədə onun idarəetmə sistemi sıradan çıxarılıb və gəmi hərəkət qabiliyyətini itirib.
CENTCOM həmçinin bildirib ki, avqustun 11-dək ABŞ qüvvələri İranla bağlı blokadanı pozmağa çalışan 55 ticarət gəmisinin istiqamətini dəyişdirib, tələblərə tabe olmayan üç gəmini sıradan çıxarıb və daha iki gəmini yoxlayıb.
Tahir Turan
Globalinfo.az