Prezident İlham Əliyev regionda enerji təhlükəsizliyi ilə bağlı mühüm açıqlama verib.
Globalinfo.az xəbər verir ki, dövlət başçısı Naxçıvanda enerji təminatının davamlı və dayanıqlı olmasının xüsusi əhəmiyyət daşıdığını bildirib.
“Bu gün yerləşdiyimiz regionda əgər elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr varsa, Azərbaycan onların sırasında birincidir. Çünki bu və ya digər səbəblər üzündən bölgəmizdə enerji böhranı yaşanmaqdadır və bu böhran dərinləşə bilər”, – deyə İlham Əliyev qeyd edib.
Prezident bildirib ki, bölgədə gedən müharibələr, artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər amillər enerji təhlükəsizliyi ilə bağlı vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
“İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin. Ona görə burada Azərbaycanın xüsusi rolu danılmazdır. Biz elə etməliyik ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı heç vaxt pozulmasın”, – Prezident vurğulayıb.