Bu araşdırmaya “Xezer-Construction” MMC ilə bağlı ortaya çıxan fakt səbəb oldu. Heç bir internet səhifəsi, açıq ofis ünvanı, texnikası və işçi heyəti barədə məlumat açıqlanmayan, nizamnamə kapitalı cəmi 200 manat olan bu şirkət 2024-cü ildən bu yana Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyindəki “Bakı Əsaslı Tikinti və Təmir” MMC-dən 143 milyon 301 min 625 manatlıq sifariş alıb. Şirkət cəmi iki tenderin qalibi olub və onların ümumi dəyəri 9 milyon manata yaxındır, amma ümumi sifariş məbləği 143 milyonu keçir. Bu uyğunsuzluq və şirkətin fəaliyyətinin şəffaf olmaması büdcə vəsaitlərinin necə xərcləndiyini daha geniş araşdırmağa əsas verdi.
Açıq tender portalına və Hesablama Palatasının son illərdəki hesabatlarına baxanda “Xezer-Construction” tək nümunə deyil. 2018-ci ildən sonra qeydiyyata düşmüş, nizamnamə kapitalı 100 və ya 200 manat olan, internet səhifəsi, ofisi, texnikası haqqında heç bir açıq məlumat olmayan bir neçə şirkət Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki “Bakı Əsaslı Tikinti və Təmir” MMC-dən ardıcıl şəkildə on milyonlarla manatlıq sifarişlər alır.
Məsələn, “Azer-Stroy Servis” MMC 2019-cu ilin martında yaradılıb, kapitalı 100 manatdır, 2023-cü ildən bu yana 78 milyon manatdan çox sifariş alıb. “Grand Yol Tikinti” MMC 2020-ci ilin noyabrında qeydiyyata alınıb, 200 manat kapitalı var və son iki ildə 112 milyon manatdan artıq müqavilə bağlayıb. “Parlaq İnşaat” MMC 2017-ci ilin avqustunda yaradılıb, yenə 200 manat kapitalı var və 64 milyon manatdan çox iş görüb. “Optimal-Tikinti” MMC isə 2021-ci ilin yanvarında təsis olunub, 200 manat kapitalı var, 91 milyon manatlıq sifariş alıb. Bu şirkətlərin dördünün də ortaq cəhəti odur ki, açıq mənbədə işçi sayı 5-10 nəfər göstərilir, saytları yoxdur, sosial şəbəkədə fəaliyyətləri görünmür, amma hər il onlarla məktəb, yol, park təmiri tenderini udurlar.
Sxem belə qurulur: nazirlik, komitə və ya icra hakimiyyəti büdcədən ayrılan vəsaiti “baş podratçı” kimi özünə yaxın şirkətə verir. Baş podratçının öz texnikası və işçi qüvvəsi olmadığı üçün layihəni bütöv şəkildə subpodrata ötürür. Subpodratçı da eyni qayda ilə işi daha aşağı qiymətə başqasına verir. Zəncir üç-dörd halqadan ibarət olanda real işi görən sonuncu şirkətə smetada nəzərdə tutulan pulun yalnız 60-65 faizi çatır. Hər halqada 10-12 faiz “idarəetmə haqqı”, “koordinasiya xidməti” adı ilə saxlanılır. Qanun bunu qadağan etmir, şirkət deyir ki, mən layihəni idarə etdim, sənəd hazırladım, risk daşıdım. Amma nəticədə 100 manatlıq yol çəkilişi sonuncu podratçıya 65 manata gəlib çatır və o da ya materialın keyfiyyətindən, ya işin həcmindən məcbur qalaraq kəsir.
Hesablama Palatası 2021-2023-cü illərdə Bakı şəhərində 14 yol və abadlıq layihəsini yoxlayıb. Yoxlamaların doqquzunda məlum olub ki, baş podratçı işi smeta dəyərindən 35-40 faiz aşağı qiymətə subpodratçıya verib. Yəni dövlət, məsələn, 100 manat ödəyib, amma faktiki tikintiyə 60 manat xərclənib. Dünya Bankının 2020-ci ildə Azərbaycanda dövlət satınalmaları ilə bağlı hesabatında da yazılıb ki, tikinti sektorunda orta subpodrat zənciri 3.2 halqadır və hər halqada 8-12 faiz marja qalır. Üç halqalı zəncirdə 100 manatlıq vəsait 90 manata, sonra 81 manata, sonda isə 72 manata düşür. Beləliklə, təxminən 27 faiz vəsait tikinti meydana çatmadan “xidmət haqqı” kimi bölünür.
2026-cı ilin dövlət büdcəsində birbaşa tikinti-təmir işlərinə 13 milyard 835 milyon manat ayrılıb. Bunun 6 milyard 930 milyonu dövlət əsaslı vəsait qoyuluşu, 4 milyardı Qarabağ və Şərqi Zəngəzurun bərpası, 1 milyard 270 milyonu müdafiə tikintisi, 1 milyard 150 milyonu yolların təmiri, 485 milyonu isə mənzil-kommunal təsərrüfatıdır. Əgər bu vəsaitin 70 faizi Bakı və regionlarda real tikintiyə yönəlirsə və orta hesabla 25 faiz subpodrat marjası ilə ötürülürsə, təkcə əsaslı vəsait qoyuluşundan 1.2 milyard manatdan çox pul qəlib-betona yox, “ötür-ötür” zəncirində qalır. Yolları, kommunal işləri, hərbi tikintini də əlavə etsək, illik itki 1.8 milyardla 2.2 milyard manat arasında dəyişir. Bu da ümumi tikinti büdcəsinin təqribən 13-16 faizini təşkil edir.
Bu vəsait oğurlanmır, qanunla subpodrat qadağan olmadığı üçün rəsmiləşdirilir. Problem odur ki, tenderi udan şirkətin texnikası, asfalt zavodu, işçisi yoxdur, amma 10-15 faiz qazanc götürür.
Sonuncu podratçıya az pul çatanda o da sementin markasını M400 əvəzinə M300 edir, armaturun addımını seyrəldir, yağış suyu drenajını çəkmir və ya diametri kiçik boru qoyur. Nəticədə leysan yağanda Bakı küçələrini su basır. Çünki smetada 1 metr drenaj borusu 80 manat göstərilib, sonuncu şirkətə 45 manat çatıb, o da ya heç çəkməyib, ya da 200-lük boru əvəzinə 110-luq boru qoyub.
Sistemin dəyişməməsinin səbəbi qanunvericilikdəki boşluqdur. “Dövlət satınalmaları haqqında” Qanun subpodratın həcmini məhdudlaşdırmır. Baş podratçı istəsə işin 100 faizini də başqasına verə bilər. Avropa ölkələrində isə qayda var ki, tenderi udan şirkət işin ən azı 50 faizini öz gücü ilə görməlidir. İkinci səbəb “ən ucuz təklif” prinsipidir. Tenderdə 100 manat yazan udur, amma sonra işi 60 manata başqasına ötürür. Keyfiyyətə nəzarət də çox vaxt kağız üzərində aparılır, akt bağlanır, amma iki aydan sonra asfalt çökür.
Beləliklə, “Xezer-Construction” kimi şirkətlər sistemin yalnız görünən hissəsidir. Əsas problem zəncirin özüdür. Dövlət subpodratı 30 faizlə limitləsə, tenderdə iştirak edən şirkətdən öz texnikası, daimi işçisi, son üç ildə oxşar iş təcrübəsi tələb etsə və “ən ucuz” əvəzinə “iqtisadi cəhətdən ən sərfəli” təklifi seçsə, həm işin keyfiyyəti qalxar, həm də büdcədən hər il 1.5-2 milyard manata yaxın vəsaitə qənaət etmək olar. İndiki halda isə hər il tikintiyə ayrılan pulun 13-16 faizi real işə çatmadan zəncirdə əriyir. Bunun əvəzini vətəndaş keyfiyyətsiz yol, su basmış küçə, bir ildən sonra dağılan park, damı uçan, divarı öz-özünə ovulub tökülən ev kimi ödəyir.
Akif Nəsirli
Globalinfo.az