Aprelin 30-da Onkologiya Mərkəzində partlayışın qəsdlə törədilməsi bir sıra müzakirələr yaradıb. Xüsusilə ağır xəstəlikdən əziyyət çəkən insanların psixoloji durumu, dözülməz ağrılar və eftanaziya məsələsi yenidən gündəmə gəlib.
Dözülməz ağrılar yaşayan xəstələrin radikal addımlar atmasının qarşısını almaq üçün eftanaziya alternativ kimi müzakirə olunmalıdırmı? Yoxsa əksinə, bu, daha təhlükəli nəticələrə yol aça bilər?
Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, eftanaziya məsələsi Avropada da birmənalı qarşılanmır:
“Əksəriyyət bunu antihumanist addım kimi qiymətləndirir. Çünki bu, ümidsiz xəstələrin öz istəyi ilə həyatlarına son qoyulması deməkdir. Bir çox ölkələrdə hətta ağır cinayətlərə görə ölüm cəzası ləğv olunduğu halda, ağır xəstələrin həyatına son verilməsi həm tibbi, həm də ictimai əxlaq baxımından yolverilməzdir. Avropada bu praktikanın yayılmasının müxtəlif səbəbləri göstərilir. Bu ölkələrdə fərdi həyat tərzi üstünlük təşkil edir, insanlar daha çox tək yaşayır və ailə bağları nisbətən zəif olur. Nəticədə ağır xəstəlik zamanı sosial dəstək məhdudlaşır. Eyni zamanda, qərb cəmiyyətlərində məsələlərə daha çox iqtisadi prizmadan yanaşılır. Azərbaycanda isə fərqli yanaşma müşahidə olunur. İnsanlar xəstənin ömrünün az qaldığını bilsələr, hətta milyonları varsa, onun həyatını uzatmaq üçün istifadə edərlər. Bu, həm mənəvi dəyərlərlə, həm də ailə institutunun güclü olması ilə bağlıdır”.
Sərdar Cəlaloğlu
Partiya sədri bildirib ki, eftanaziyaya münasibətdə tibbi alternativlər mövcuddur:
“Müasir tibbdə ağır xəstələrin əzabını azaltmaq üçün müxtəlif vasitələr var və bu üsullarla onların həyatının son dövrünü daha rahat keçirməsi təmin edilə bilər. Bu baxımdan, xəstənin vəziyyəti nə qədər ağır olsa da, təbii ölüm baş vermədən həyatına süni şəkildə son qoyulması doğru hesab edilmir. Məsələyə hüquqi baxımdan yanaşdıqda, yaşamaq hüququ əsas prinsiplərdən biridir və bu, həm milli, həm də beynəlxalq hüquqda qorunur. Heç kəs, hətta insanın özü belə, bu hüququ tam şəkildə aradan qaldıra bilməz. Dini və mənəvi baxımdan da bu məsələ fərqli izah olunur. Ağır xəstəlik həm insanın özü, həm də onun yaxınları üçün bir sınaq kimi dəyərləndirilir. Bu zaman cəmiyyətin, ailənin vəzifəsi xəstəyə daha çox qayğı və dəstək göstərməkdir”.
Sərdar Cəlaloğlunun sözlərinə görə, belə halların qarşısını almaq üçün səhiyyə sistemi əsasən palyativ qayğını gücləndirməlidir:
“Yəni ağrıların effektiv idarə olunması, hospis xidmətlərinin genişləndirilməsi və xəstəyə evdə dəstək imkanlarının artırılması vacibdir. Bununla yanaşı, psixoloji və psixiatrik dəstək xidmətləri əlçatan olmalı, xəstələrin və ailələrinin davamlı müşayiəti təmin edilməlidir. Həmçinin, həkimlərin ağrı idarəçiliyi və kommunikasiya bacarıqları üzrə hazırlanması, dərmanlara, xüsusilə ağrıkəsicilərə çıxışın asanlaşdırılması da mühüm rol oynayır”.
Qeyd edək ki, eftanaziya 200-ə yaxın ölkədə qadağandır.
Ləman İmran
Globalinfo.az