Qonşu regionlarda iki böyük müharibənin yenidən intensivləşməsi Azərbaycanın da təhlükəsizlik gündəmini ön plana çıxarıb. Rusiya-Ukrayna cəbhəsində və ABŞ-İran qarşıdurmasında hərbi əməliyyatların genişlənməsi fonunda müəyyən suallar ortaya çıxır.
Proses əvvəlki kimi müəyyən müddətdən sonra səngiyəcək, yoxsa müharibələrin miqyası daha da böyüyəcək? Bu vəziyyətdə Azərbaycanın hər iki münaqişəyə münasibəti necə olacaq və Bakı balanslı mövqeyini qoruya biləcəkmi?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, iki böyük hərbi qarşıdurmanın eyni vaxtda intensivləşməsi Azərbaycanın təhlükəsizlik mühitini əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb vəziyyətə gətirir:
“Lakin bu iki münaqişənin inkişaf dinamikasını fərqli ssenarilər üzrə qiymətləndirmək lazımdır. Rusiya-Ukrayna müharibəsi artıq beşinci ilinə daxil olan uzunmüddətli qarşıdurmadır. Bu baxımdan əsas məsələ müharibənin daha nə qədər davam edəcəyi, hansı mərhələdə dondurula biləcəyi və Rusiya ilə NATO arasında birbaşa toqquşma riskinin nə qədər artacağıdır. Hazırda Moskva hərbi təzyiqi davam etdirir. Prezident Vladimir Putinin Rusiyanın döyüş meydanında üstün mövqedə olduğunu bildirməsi və eyni zamanda müəyyən diplomatik kanalları açıq saxlaması Kremlin həm hərbi, həm də siyasi təzyiq strategiyasından istifadə etdiyini göstərir. ABŞ-ın vasitəçiliyi ilə danışıqların yenidən canlandırılması istiqamətində cəhdlər olsa da, tərəflərin xüsusilə ərazi və təhlükəsizlik məsələlərində mövqeləri ciddi şəkildə fərqlənir. Bu səbəbdən yaxın perspektivdə Ukrayna müharibəsi ilə bağlı tam sülh razılaşmasının əldə olunması real görünmür. Qarşıdurmanın hələ bir müddət davam etməsi ehtimalı yüksəkdir”.
Politoloq bildirib ki, ABŞ-İran qarşıdurmasının dinamikası isə fərqlidir:
“Burada hərbi əməliyyatların daha qısa müddətdə intensivləşməsi və sonradan səngiməsi mümkündür. Hörmüz boğazının prosesə cəlb olunması münaqişəni artıq regional təhlükəsizlik məsələsindən qlobal iqtisadi riskə çevirib. Son iki gündə ABŞ-ın zərbələrinin yenidən başlaması və İranın cavab tədbirləri fonunda enerji bazarlarında yaranan narahatlıq da bunu göstərir. Azərbaycan baxımından əsas məsələ strateji balansın qorunmasıdır. Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, Rusiya ilə münasibətlərin açıq qarşıdurma müstəvisinə keçməsində maraqlı deyil.

Rəşad Bayramov
İran məsələsində isə Azərbaycanın manevr imkanları daha həssasdır. Ölkəmizin İranla uzun sərhədinin olması, enerji və nəqliyyat infrastrukturu, Naxçıvan faktoru, eləcə də Xəzər hövzəsinin təhlükəsizliyi Azərbaycanın bu münaqişənin nəticələrinə birbaşa həssaslığını artırır. Buna görə Azərbaycan ABŞ və Qərblə strateji münasibətlərini inkişaf etdirsə də, ərazisinin İrana qarşı hərbi əməliyyatlarda istifadəsinə imkan verməmək mövqeyini qoruyur”.
R.Bayramov qeyd edib ki, Azərbaycanın mümkün qədər tərəfsizliyini qoruması vacibdir:
“Milli maraqlara əsaslanan balanslaşdırılmış siyasətin davam etdirilməsi ən düzgün seçimdir. Yəni Ukrayna məsələsində beynəlxalq hüququ və ərazi bütövlüyü prinsipini müdafiə etməli, İran məsələsində isə hərbi eskalasiyadan kənarda qalmalı, Rusiya ilə açıq qarşıdurmadan yayınmalı, Türkiyə, ABŞ və digər tərəfdaşlarla əlaqələri daha da gücləndirməlidir. Bütün hallarda Azərbaycan üçün ən əlverişli ssenari hər iki münaqişənin nəzarətsiz şəkildə genişlənməməsi və ölkəmizin heç bir böyük güc blokunun hərbi qarşıdurmasına birbaşa cəlb olunmamasıdır”.
Ləman İmran
Globalinfo.az