ady 0

Son illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) həyata keçirilən ardıcıl layihələr sərnişindaşıma göstəricilərində davamlı artımı təmin edib. Belə ki, dəmir yolu nəqliyyatı ilə ölkədə daşınan sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə 7,1 milyon, 2024-cü ildə 8,5 milyon nəfər təşkil edib. 2025-ci ildə isə ADY-nin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 10 milyon nəfərə çatıb. Bu dinamika sərnişinlər üçün yaradılan rahatlıq, təhlükəsizlik və xidmət keyfiyyətinin yüksəlməsinin real göstəricisidir.

Bu il ərzində marşrut şəbəkəsinin genişləndirilməsi və yeni xidmətlərin tətbiqi də sərnişin axınının artmasında mühüm rol oynayıb. Belə ki, Bakı–Balakən–Bakı marşrutunun bərpa edilməsi, Bakı–Ağstafa–Bakı marşrutunun Qazax stansiyasınadək uzadılması, 32 ildən sonra ilk dəfə Bakı–Ağdam–Bakı istiqamətində reyslərin istifadəyə verilməsi, eləcə də ilk dəfə Gəncə–Mingəçevir xətti üzrə müasir qatarlarla sərnişindaşıma xidmətinin təşkili dəmir yollarını müntəzəm səyahət seçiminə çevirib.

Eyni zamanda, Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət qrafikinin optimallaşdırılması nəticəsində iş günlərində reyslərin sayı 103-ə çatdırılıb. Bu tədbirlər nəticəsində gündəlik sərnişindaşıma 42 min nəfəri ötüb ki, bu da ADY-nin şəhərətrafı daşımalar tarixində daha bir rekord göstərici hesab olunur.

Sərnişinlər ADY ilə səyahətə hansı səbəbdən üstünlük verirlər? ADY-də həyata keçirilən layihələr sərnişindaşıma göstəricilərinə necə təsir göstərir? Ümumilikdə, ADY-nin fəaliyyəti necə qiymətləndirilir?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, cari il dəmir yolu sahəsində yeni istiqamətlərin açılması ilə yadda qalıb:

“Bunlara Bakı–Ağstafa qatarının Qazaxadək uzadılması, Bakıdan azad edilmiş Ağdama səfərlərin təşkili, eləcə də regional daşımalar çərçivəsində Gəncə–Mingəçevir əlaqəsinin bərpası daxildir. Bu proseslər ümumilikdə müsbət tendensiya kimi qiymətləndirilir. Eyni zamanda dəmir yolunda dəyişən cərəyanlı sahənin Hacıqabula qədər çatdırılması mühüm layihələrdəndir. Bu, Şərq–Qərb dəhlizi üzrə daşınma xərclərini təxminən 20 faiz azaltmağa imkan verir və rəqabət qabiliyyətini artırır. Növbəti illər üçün gözləntilər daha böyükdür. Hesab edirəm ki, 2026-cı ildə ADY daha fəal işləməli, daha çox sərnişin daşımaq imkanlarını genişləndirməlidir.

Gələn ilin ilk rübündə Dərnəgül dayanacağının istifadəyə verilməsi gözlənilir. Bu dayanacaq Sumqayıt, Xırdalan və şimal istiqamətindən gələn sərnişinlər üçün şəhərə alternativ giriş nöqtələri yaradacaq, nəticədə 28 May istiqamətindəki yüklənmə azalacaq və sərnişin axını daha balanslı şəkildə paylanacaq. Xırdalan–Sumqayıt dəmir yolu əlaqəsinin bərpası və yeni dayanacaqların sürətlə tikilib istifadəyə verilməsi vacibdir. Baş planda Nərimanov (Montin), köhnə Keşlə bazarı yaxınlığındakı dayanacaq, Binəqədi Cənub, Rəsulzadə qəsəbəsi, Xırdalanın ikinci stansiyası və Sumqayıtın ikinci stansiyası nəzərdə tutulur. Bu dayanacaqların mövcud yerüstü nəqliyyatla, xüsusən avtobuslarla rahat inteqrasiyası təmin edilməlidir. Sumqayıt vağzalında son dəyişikliklərdən sonra vətəndaşlardan daxil olan müsbət rəylər bu yanaşmanın effektivliyini göstərir”.

rauf agamirzeyev 1

Rauf Ağamirzəyev

Ekspert bildirib ki, Dövlət Proqramında nəzərdə tutulan digər vacib layihələrə Bakı–Hacıqabul xəttinin 127 kilometrlik hissəsinin dəyişən cərəyana keçirilməsi, Abşeron dairəvi xəttində elektrikləşmə işləri və 20 yeni qatarın alınması daxildir:

“Bu addımlar mövcud hərəkət tərkibindən daha səmərəli istifadə olunmasına və ümumi xidmət keyfiyyətinin yüksəlməsinə töhfə verəcək. 145 illik tarixi olan ADY-dən gözləntilər böyükdür. Hazırda gündəlik 42–50 min sərnişin daşınır və növbəti beş il ərzində bu rəqəmin təxminən beş dəfə artırılması hədəflənir. Dəmir yolunun yerüstü metro funksiyasına yaxın fəaliyyət göstərməsi sərnişinlərin daha rahat və sürətli hərəkətini təmin edə bilər.

Ümumilikdə müsbət tendensiya mövcuddur. Sərnişinlərin sayının 10 milyona çatması da bunun əyani sübutudur. Dəmir yolu həm ekoloji cəhətdən təmiz nəqliyyat növüdür, həm də eyni vaxtda daha çox sərnişin daşımaq imkanına malikdir və uzunmüddətli istismar üstünlüyü var. Böyük şəhərlərdə multimodal və ya hibrid daşımalar, yəni yolun bir hissəsinin dəmir yolu, davamının isə metro və ya avtobusla həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu yanaşma sərnişin axınının düzgün bölüşdürülməsinə və yeni inkişaf mərhələsinə zəmin yaradır”.

R.Ağamirzəyev qeyd edib ki, mövcud tarixi dəmir yolu irsindən səmərəli istifadə edərək, ölkənin bütün istiqamətlərində əlaqəliliyin artırılması vacibdir:

“Bu istiqamətdə layihələr icra olunur və yaxın illərdə regional səviyyədə yeni marşrutların açılması gözlənilir. Sumqayıt–Yalama xəttinin modernləşdirilməsi, eləcə də Ələt–Osmanlı–Astara və Ələt–Horadiz istiqamətlərində aparılan işlər Bakı ilə regionlar, həmçinin regionlararası əlaqələrin genişlənməsi üçün ciddi əsas yaradır. Bu reallıqları nəzərə alaraq yeni qatarların alınması və hərəkət tərkibinin yenilənməsi prioritet olaraq qalmalıdır. Yükdaşımalarla yanaşı, sərnişindaşıma sektorunun da inkişafı, yeni və müasir qatarların alınması növbəti mərhələlərdə əsas diqqət mərkəzində olmalıdır. ADY sərnişin daşımalarının təhlükəsiz və səmərəli təşkili, xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də qatar heyətinin peşəkar bilik və bacarıqlarının davamlı təkmilləşdirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək”.

Ləman İmran
Globalinfo.az

Paylaş: