Müğənni Samirə Əfəndinin münsifi olduğu “İpək Yolu Ulduzu” musiqi müsabiqəsində erməni təmsilçiyə 12 bal verməyi və onu qucaqlaması ətrafında müzakirələr davam edir. Azərbaycanda bu məsələ ilə bağlı müşahidə olunan reaksiyalar göstərir ki, ermənilərə qarşı münasibət hələ də dəyişməyib. İnsanlar törədilmiş zülmləri bağışlamağa hazır deyillər və bu, xalqın tarix və yaddaş hissi ilə bağlıdır.
Maraqlıdır ki, buna baxmayaraq, Azərbaycan ictimaiyyəti dövlətin apardığı sülh danışıqlarına, Prezidentin və xarici siyasət komandasının rəhbərliyinə qarşı kəskin etiraz nümayiş etdirmir. Əksinə, prosesə hörmətlə yanaşır və diplomatların meydanda olmasını, həssas dönəmdə peşəkar siyasət aparılmasını normal qəbul edir. O cümlədən, sülh prosesi aktiv şəkildə dəstəklənir.
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Ermənistan ilə Azərbaycan arasında sülh sənədi hazır olsa da, tərəflər hələlik imzalamayıb:
“Sülh sazişi yaxın müddətdə imzalanacaq, artıq şübhə yoxdur. Amma bu, yalnız dövlətlərarası sülh olacaq. Təcrübə göstərir ki, xalqlararası sülh 10, hətta 50–100 illik bir zaman çərçivəsində əldə edilir. Bir çox insanlar üçün bu prosesin çətin olduğunu başa düşmək lazımdır. Şəhid və qazi ailələri başda olmaqla, cəmiyyətimiz bu məsələlərə hələ tam hazır deyil.

Qabil Hüseynli
Mədəniyyət xadimlərinin sülhə dəstək verməsi başa anlaşılandır, lakin indiki mərhələdə belə bir təşəbbüs çox tezdir. Gələn reaksiyalar da bunu sübut edir.
Hesab edirəm ki, diplomatların və siyasətçilərin, dövlət xadimlərinin təmasları davam etməli, sülh ən qısa zamanda əldə olunmalıdır. Xalqların sülhü isə zamanla tənzimlənməlidir. Radikal və ya kütləni nəzərə almayan addımlar nəticədə mənfi reaksiyalarla müşahidə olunur”.
Turan Rzayev
Globalinfo.az