a7bca3a4 8807 3001 956c 09cd609a5438 825

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev həbs olunub. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Mehdiyevin Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilməsi xüsusi diqqət çəkib və ictimaiyyətdə müzakirələrə səbəb olub.

O, hansı yollarla hakimiyyəti ələ keçirmək, dövləti nəzarətə götürmək istəyib? Mehdiyevin bu niyyətini həyata keçirmək üçün gücü və resursu vardımı?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Ramiz Mehdiyev uzun müddət Azərbaycan hakimiyyətində təmsil olunub və onun əsas dayaqlarından biri hesab edilib:

“25 il Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə həm güc strukturlarına, həm də hakimiyyətin digər qollarına – başda media sektoru olmaqla – çox ciddi təsir imkanları var idi. Bundan başqa, Mehdiyevin müxtəlif siyasi qüvvələrlə əlaqələrinin olduğu, onlar tərəfindən yönləndirildiyinə dair iddialar da mövcud olub.

oqtay qasimov 5
Oqtay Qasımov

Ramiz Mehdiyev özünə yaxın şəxslərin vasitəsilə böyük biznes imperiyası yaratmışdı. Bir daha qeyd edirəm: o, uzun müddət Azərbaycan hakimiyyətində ən təsirli fiqurlardan biri sayılırdı. Hazırda Mehdiyevlə bağlı aparılan istintaq çərçivəsində irəli sürülən ittihamlar olduqca ağırdır. Şübhəsiz, istintaq prosesi onun həqiqətən dövlət çevrilişi və digər məsələlərə cəhd edib-etmədiyini müəyyənləşdirəcək.

Bir daha qeyd edirəm ki, Ramiz Mehdiyev ciddi qüvvə formalaşdırmış və uzun müddət bu vasitə ilə müəyyən addımlar atmışdı. O, son 5–6 ildə siyasi fəaliyyətindən uzaqlaşdırılmasına baxmayaraq, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postuna gətirildi. Burada olarkən də siyasi proseslərə müdaxilə etməyə cəhd göstərirdi. Ona görə də akademiyanın rəhbərliyindən uzaqlaşdırıldı. Görünür, onun siyasi məsələlərlə bağlı müəyyən iddiaları olub. Lakin yenə də istintaqın mövqeyini gözləməkdə fayda var.”

Turan Rzayev
Globalinfo.az

Paylaş: