Xəbər verdiyimiz kimi yanvarın 18-də İmişlidə baş verən yol-nəqliyyat hadisəsindən sonra yerli sakinlər etiraz aksiyası keçirib. Qəza zamanı məktəblilərin həlak olmasına etiraz edən bir qrup insan hadisəyə bu şəkildə etiraz bildiriblər.
Onların bir neçəsi hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
Adətən belə vəziyyətlərdə ölkədə fəaliyyət göstərən hüquq müdafiəçiləri hərəkətə keçir. Ağır cəza verilməməsi və barış əldə edilməsi üçün tərəflərlə görüşüb, danışıqlar aparır.
Novella Cəfəroğlu
Globalinfo.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu aksiyanın baş verən bədbəxt hadisə ilə bağlı keçirildiyini bildirib.
Onun sözlərinə görə, əslində aksiya keçirmək insanların haqqıdır:
“Bilirsiniz, aksiya keçirən İmişli sakinlərinin yaxınları, doğmaları, qohumları, tanışları həmin gün ölmüşdülər. O insanları başa düşmək olar. Ümid edirəm ki, onlara cəza verilməyəcək. Demirəm aksiya keçirilməli idi, lakin bu insanları da anlamaq lazımdır. Həmin şəxslərin emosiyalarını göstərməsində bir qəbahət yoxdur. Hələ heç bir quruma müraciət etməmişik. Son nəticəni gözləyirik. Bu adamlar dövlətə, hökumətə qarşı çıxış etmirlər axı. Etiraz səbəbi hər kəsə məlumdur. Rayon polisi, icra başçısı da gərək öz məsuliyyətini dərk etsin. Onlar insanlara qarşı yaxşı davransalar, insanlar da aqressiv olmaz, emosiyalarını bu qədər göstərməzlər”.
Razi Nurullayev
Deputat Razi Nurullayev məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini deyib:
“İmişlidə aksiyada iştirak edənlərin bir neçəsinin ailəsi mənimlə əlaqə saxlayıb və görüşlərim də olub. Aidiyyəti üzrə polis və prokurorluq orqanları ilə əlaqə saxlamışam. Onlar bütün prosesin şəffaf və qanunlar çərçivəsində aparılacağını deyiblər. Hazırda istintaq tədbirləri həyata keçirilir və müdaxiləyə yol verilmir. Xahiş etmişəm ki, məsələ maksimum həssaslıq və qanunlar çərçivəsində aparılsın. Məsələni nəzarətdə saxlayacam”.
Xatırladaq ki, yanvarın 18-də İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobili məktəbliləri vurub. Hadisə yerində iki məktəbli qız həlak olub. Qəzada xəsarət alaraq Bakıdakı xəstəxanaya yerləşdirilən Məhbubə Əlizadə isə dünən orada vəfat edib.
Zaira Akifqızı
Globalinfo.az