Əməkdar artist Cabir İmanovun ölümündən sonra daha bir məsələ müzakirə obyektinə çevrilib. Hazırda “idman zalında həkim olmalıdırmı” sualı gündəmdədir. Bildirilir ki, insanlar adətən bu cür yerlərdə tez-tez faciəvi hadisələrlə qarşılaşa bilirlər: kimisi bədənini fiziki olaraq həddindən artıq yükləyir, kiminin səhhəti idman etməyə imkan vermir. Bu baxımdan düşünülür ki, belə məkanlarda həkimlərin fəaliyyəti şərt olmalıdır.
Qanunvericilikdə bununla bağlı nələr nəzərdə tutulub?
Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, idman obyektlərində tibbi xidmətin hüquqi tənzimlənməsi hər hansı faciədən sonra yox, əvvəlcədən həyata keçirilməlidir:
“Bu, həm də sosial və mənəvi məsələdir. Çünki idman zalları və stadionlar sağlamlıqla bağlı məkanlardır. Məhz həmin yerlərdə qəfil ürək dayanması, təngnəfəslik, travma və digər ağırlaşmaların baş vermə ehtimalı yüksəkdir. Qabaqlayıcı tədbirlər əvvəlcədən görülməlidir. “Bədən tərbiyəsi və idman haqqında” Qanununa görə, idman tədbirlərində iştirakçıların sağlamlığının qorunması təmin olunmalı, bunun üçün tibbi xidmət təşkil edilməlidir. Amma bu norma daha çox yarış və kütləvi tədbirlər üçündür. Gündəlik fəaliyyət göstərən idman zalları barədə isə birbaşa öhdəlik yoxdur. Digər normativ aktlar da məsələni tam əhatə etmir. Məsələn, “Sanitar-epidemioloji salamatlıq haqqında” Qanun gigiyenik tələbləri müəyyənləşdirir, amma qəfil tibbi yardım məsələsini açıq buraxır. Paralel olaraq, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun zərər vurulduqdan sonra məsuliyyəti tənzimləyir, lakin qabaqlayıcı mexanizm nəzərdə tutmur. Nəticədə, sahibkarların əksəriyyəti tibbi xidməti “əlavə xərc” hesab edir və zallarda yalnız minimal şərait yaradır. Faciələr də məhz bu boşluqların nəticəsində baş verir”.
Ellada Bayramova
Hüquqşünas bildirib ki, gündəlik istifadəçisi olan idman obyektlərində daimi tibbi personal olmalıdır:
“Kiçik zallarda isə ən azı təlim keçmiş əməkdaş və tam təchiz olunmuş apteçka olmalıdır. Məktəblərdə tibb bacısı, iri müəssisələrdə həkim məntəqəsi, aeroportlarda və stadionlarda təcili yardım xidməti mövcuddur. Eyni yanaşma idman zalları üçün də tətbiq edilməli idi. Defibrilyator, təzyiq ölçən cihaz və təcili yardım çağırışı üçün texniki imkan bütün zallarda məcburi olmalıdır. Məşqçilər və təlimçilər ilkin tibbi yardım üzrə sertifikatlaşdırılmış kurslardan keçməlidirlər. Buradakı boşluqların bir neçə səbəbi var. Qanunda bununla bağlı dəqiq öhdəlik yazılmadığı üçün sahibkar öz üzərinə məsuliyyət götürmür. Tibbi personalın saxlanması əlavə xərclər tələb etdiyindən əksər zallar bundan yayınır.
Lakin tibbi təminatı olmayan obyektlərə qarşı inzibati cərimələr tətbiq edilməli, təkrar hallarda onların fəaliyyəti müvəqqəti dayandırılmalıdır. Qanunvericilikdəki boşluqlar aradan qaldırılmalı, normativ öhdəliklər konkretləşdirilməlidir. Əks halda, biz hər dəfə yalnız radikal hadisələrdən sonra nəticə çıxarmağa məcbur olacağıq. Cabir İmanovun ölümü göstərdi ki, mövcud normativ-hüquqi baza belə halların qarşısını almaq üçün kifayət qədər təminat yaratmır”.
Ləman İmran
Globalinfo.az