Azərbaycan klanı İranda hakimiyyətə qayıtdı: 99 il sonra…

Azərbaycan klanı İranda hakimiyyətə qayıtdı: 99 il sonra...

“Pezeşkianın qalib gələcəyinə inanırdım və bu istiqamətdə proqnozları həm seçkiyə hazırlıq ərəfəsində, həm də proses zamanı bildirmişdim”.

Bu sözləri Globalinfo.az -a politoloq Əlimusa İbrahimov İranda keçirilən prezident seçkilərinin ikinci turunun nəticəsi və azərbaycanlı namizəd Məsud Pezeşkianın qalib gəlməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, İrandakı seçkinin nəticəsi 21-ci əsrin türk əsri olacağını bir daha sübut edir:

“Məsud Pezeşkianın İranın Prezidenti seçilməsi bu ölkənin tarixində yeni mükəmməl bir dövrün başlanğıcı olacağını deməyə əsas verir. İran üçün bu seçim nə qədər əhəmiyyətlidirsə, orada yaşayan azərbaycanlılar üçün bundan on qat artıq əhəmiyyətli olacağını düşünürəm.
Uzun illərdən sonra ilk dəfə bu ölkədə azərbaycanlıların inamı, bütün gücü ilə özünə qayıtdı. Bundan sonra türklər İran cəmiyyətinin ən aparıcı qüvvəsinə çevriləcək. Pezeşkianın Azərbaycan və İranda yaşayan azərbaycanlılar üçün nələrsə edib-etməməsindən asılı olmayaraq bu faktın özü bizim üçün böyük əhəmiyyət kəsb edir. İndidən sonra bizi gözləyən müsbət addımlar barədə proqnoz vermək çətin olsa da birmənalı deyə bilərəm ki, İran-Ermənistan münasibətləri dəyişəcək və Tehran İrəvanı himayəyə götürməyəcək. Eyni zamanda, Azərbaycanla İran arasında münasibətlər bu vaxta qədər olduğundan daha yüksək səviyyədə inkişaf edəcək”.

Azərbaycan klanı İranda hakimiyyətə qayıtdı: 99 il sonra...
Əlimusa İbrahimov

Politoloq deyib ki, Azərbaycanın bu seçimdən əsas gözləntisi 40 milyonluq azərbaycanlıların iqtisadi, ictimai, mədəni, siyasi vəziyyətlərinin düzəlməsidir:

“Biz bu məsələlərin həyata keçirilməsində Pezeşkianın yanında olacağıq. İstəyimiz o taydakı həmvətənlilərimizin ən azından konstitusiyada təsbit olunmuş hüquqlarının həyata keçirilməsidir. Biz Urmiya gölünün qurudulmasının qarşısının alınmasını, əvvəlki vəziyyətə gətirilməsini istəyirik. Biz Azərbaycan şəhər və kəndlərinin inkişaf etdirilməsi, orada yaşayan əhalinin mədəni səviyyəsinin yüksəldilməsini gözləyirik. Bütün bunlar elə Pezeşkianın irəli sürdüyü şərtlərdir. Amma eyforiyaya qapılıb yeni seçilmiş prezidentdən qısa müddət imkan xaricində olan məsələlərin həyata keçirilməsini gözləməli deyilik.

Unutmamalıyıq ki, İranda prezidentin səlahiyyətləri digər ölkələrdəki həmkarlarının səlahiyyətləri qədər deyil və onun üzərində Ali dini rəhbərin hökmü var. Düşünürəm ki, bizim yeni seçilmiş prezidentə yardımımız onun birinci dövrünün normal keçməsi və ikinci dövr üçün haqq qazanmasına yardım etməkdir. Elə etmək lazımdır ki, Pezeşkiandan sonra da İranda Azərbaycan əsilli prezidentlərin ardı gəlsin. Bir sözlə, İrandakı həmyerlilərimizin bu seçimə yardım etməsi, istəklərinə çatması bizi qürurlandırır və uğurlu olacağına inanırıq”.

Turan Rzayev
Globalinfo.az