9ffc623e 168f 4cf5 b6cf ce46018a6da2

Son zamanlar İranda prezidentliyə namizəd olan azərbaycanlı Məsud Pezişkianla bağlı müxtəlif şayiələr yayılır. Qəsdlə onun barəsində qara piar aparılır.

Gah deyirlər ki, ermənidir, gah kürd olduğu bildirilir. Baxmayaraq ki, özü bu söhbətlərdən sonra bir video yayaraq bildirdi ki, o, azərbaycanlı olmağı ilə fəxr edir və təmiz Azərbaycan türküdür. Yenə də bir çoxları inanmaqda tərəddüd edir. Onun erməni olması isə daha çox soyadında olan “yan”la əlaqələndirilir.

Ümumiyyətlə, İranda bəzi soyadlar niyə “yan”la bitir? Bunun erməniliklə əlaqəsi varmı?

Mövzunu Globalinfo.az -a şərh edən İranda yaşayan azərbaycanlı tarixçi Tohid Məlikzadənin sözlərinə görə, Məsud Pezeşkian Azərbaycan türküdür.

Tarixçi Pezeşkianın sulaləsinin əslən Urmiyadan olduğunu bildirib:

“Urmiyada hər kəs onun tayfasını tanıyır. Atası dövlət məmuru olduğu üçün Azərbaycanın Mahabad (qədim adı Sabulağ) şəhərinə getməli olur. Həmin şəhərdə də çoxu kürd əsillidir. Pezeşkianın uşaqlığı məhz orada keçib. 1979-cu il inqilabından sonra kürd bölgələri eyni Qarabağ erməniləri kimi “üsyan” ediblər. Oradakı türklər, o cümlədən Pezeşkianın ailəsi də Mahabadı tərk edib, Urmiyaya qayıdırlar”.

T.Məlikzadə Pezeşkian sözünün mənası haqda danışıb:

“Əslində, “pezeşk” farsca həkim deməkdir. Onun atası da səhiyyə işçisi olduğuna görə soyadını “Pezeşkian” qoyur. “Yan” sözü ümumiyyətlə, ermənilərdə, fars və türklərdə işlənir. Bu sözün ermənilərlə heç bir əlaqəsi yoxdur”.

Tarixçi İranda azərbaycanlının prezident seçilməsinin üstünlüyündən bəhs edib:

“Yüz ildən sonra İran hakimiyyətinə bir azərbaycanlının keçməsi az da olsa tarazlığı pozacaq. O, Qarabağ savaşından sonra İranın mövqeyini dəyişə biləcək. Bu, biz azərbaycanlılar üçün böyük fürsətdir”.

Zaira Akifqızı
Globalinfo.az

 

Paylaş: