Xəbər verdiyimiz kimi, 1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.
Vaşinqton görüşünün nəticələrini şərh edən politoloq İlkin Həsənov Globalinfo.az-a açıqlamasında bildirib ki, fikir ayrılıqlarının bəzilərinin açarı Moskva görüşündədir:
“XİN başçılarının görüşündən hələlik başa düşülən odur ki,
– Azərbaycanın eksklavları ilə bağlı məsələ əsas maneələrdən biridir;
– Xankəndidən erməni qoşunlarının çıxarılması haqda razılıq yoxdur;
– Bakı ilə Xankəndi arasında dialoqa İrəvan müdaxilə etməkdə maraqlıdır (hələ ki). Qərb Bakı üzərində rıçaq əldə edib özünü gələcək üçün zəmanət altına almağa çalışır;
– Qarabağ məsələsində qeyri-müəyyənlik, yəqin ki, Paşinyanın daha çox güzəşt əldə etmək istəməsi ilə bağlıdır (eksklavlar məsələsində ola bilər).
Ümumilikdə hələlik ilkin razılıq mətni açıqlanmasa da danışıqlar ümidvericidir. Ən azı iki ölkənin eyni anda rəsmi məlumat yayması və bunların bir-birinə bənzəməsi tərəflərin koordinasiyalı çalışacağı ehtimalını artırır. Bu isə o deməkdir ki, tərəflər xeyli yol qət ediblər və irəliləməkdə maraqlıdırlar. Növbə isə əhəmiyyətli Moskva görüşündədir. Vaşinqtondakı fikir ayrılıqlarının bəzilərinin açarı həm də buradadır”.