452a6f62 c415 46fc bd9d 7319ed5118af

Yasamalda zibil konteynerinin qarşısında park edilən avtomobillə bağlı görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hadisə bir daha Bakıda məişət tullantılarının idarə olunması məsələsini gündəmə gətirib.

Bəs paytaxt sakinlərinin hər gün atdığı minlərlə ton zibil hara daşınır və sonrakı taleyi necə olur?

Globalinfo.az-a danışan “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Orxan Cabbarov deyib ki, paytaxtda yaranan bərk məişət tullantıları qurumun idarə etdiyi təsərrüfat obyektlərində zərərsizləşdirilir:

“Tullantılar əsasən Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda və Balaxanı Tullantıların Basdırılması Poliqonunda emal edilir. Təkrar emala yararlı fraksiyalar isə  istiqamətləndirilərək burada emal olunur və yeni məhsulların istehsalında istifadə edilir. Ötən il Bakı şəhərində yaranaraq “Təmiz Şəhər” ASC-yə təhvil verilən tullantıların ümumi həcmi 983 min ton olub. Bu tullantıların təxminən 500 min tonu Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda termik üsulla zərərsizləşdirilib. Nəticədə 200 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da təxminən 110 min ev təsərrüfatının enerji tələbatını ödəməyə kifayət edir. Başqa sözlə, əldə olunan enerji Gəncə böyüklüyündə bir şəhərin elektrik enerjisi ilə təmin edilməsinə imkan verir”.

Onun sözlərinə görə, Balaxanı Sənaye Parkında 28 rezident fəaliyyət göstərir:

“Rezidentlər parka ümumilikdə 57 milyon manat investisiya yatırıb. 2017-ci ildən bu günədək burada 416 milyon manat dəyərində məhsul istehsal olunub. Həmin məhsulların 32 milyon manata yaxın hissəsi isə xarici ölkələrə ixrac edilib”.

Ləman İmran
Globalinfo.az

Paylaş: