Livan Prezidenti Jozef Aun İsraillə əldə olunan atəşkəs razılaşmasından sonra İrana ölkəsinin daxili işlərinə müdaxilə etməməyi məsləhət görüb.
Globalinfo.az xəbərinə görə, “CNN”ə müsahibəsində Aun bildirib ki, İran ABŞ ilə münasibətlərində Livandan təzyiq və ya sövdələşmə vasitəsi kimi istifadə edir. Bunun ağır nəticələrini isə Livan xalqı yaşayır.
Prezident qeyd edib ki, livanlılar İranın dəstəklədiyi Hizbullah ilə İsrail arasında davam edən qarşıdurmalardan artıq yorulublar.
“Bizim mövqeyimiz İranın maraqları ilə üst-üstə düşmür. Bu, sizin deyil, bizim ölkəmizdir”, – deyə Aun bildirib.
Livan lideri Vaşinqtonun təşəbbüsü ilə irəli sürülən atəşkəs şərtlərini rədd edən “Hizbullah”ın mövqeyinə də münasibət bildirib. O qeyd edib ki, təşkilatın rəhbəri Naim Qasım bütün Livan xalqını təmsil etmir.
Aun 2–3 iyun tarixlərində Vaşinqtonda keçirilən Livan–İsrail danışıqlarının mürəkkəb keçdiyini və hələlik ciddi irəliləyiş əldə olunmadığını etiraf edib. Bununla belə, o, atəşkəs razılaşmasının gələcəkdə ədalətli və davamlı sülh üçün zəmin yaradacağına ümid etdiyini vurğulayıb.
Prezident həmçinin gələcəkdə Benyamin Netanyahu ilə görüş ehtimalını istisna etməyib. Onun sözlərinə görə, belə bir görüş yalnız tərəflər arasında sülh sazişi əldə olunduqdan sonra mümkünləşə bilər.
Əliyar Xəlil