Çində döyüşçü robotlar yaradılıb. Onların kifayət qədər çevik, güclü, dinamik hərəkət etdiyi, enerjiləri tükənmədən döyüşə bildiyi qeyd olunur. Bu robotların yaxın gələcəkdə əsgər kimi döyüşlərə qatılacağı güman edilir. Dronlar, raketlər, PUA-lar kimi robot əsgərlərin də müharibələrdə iştirakı gözlənilir. Lakin narahatlıq da var: mütəxəssislər iddia edirlər ki, robot döyüşçülər sonra nəzarətdən çıxa, insanlar üçün ciddi təhlükəyə çevrilə bilərlər.
Əsgər robotların yaradılması insanlıq üçün nə kimi təhlükə yaradır?
Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, müasir müharibələrdə robot və pilotsuz sistemlərin istifadəsi artıq geniş yayılıb:
“Gələcəkdə bu texnologiyaların tətbiq sahələri daha da artacaq. Hətta quru qoşunlarında müəyyən döyüş tapşırıqlarını döyüşçü robotlar yerinə yetirəcək. Lakin bütün hallarda bu sistemlər süni intellekt vasitəsilə idarə olunacaq və onların fəaliyyəti mütləq nəzarət mexanizmləri ilə tənzimlənməlidir. Nəzarətsiz fəaliyyət göstərən silahlı robotlar insanlar kimi səhvlərə yol verə bilər. Bununla bağlı nümunələrə mülki sahədə də rast gəlinib və bəzi hallarda robotların insanlara xəsarət yetirdiyi məlumdur. Hazırda insan iştirakı olmadan fəaliyyət göstərə bilən qırıcı təyyarələr hazırlanır. Bu istiqamətdə öncül ölkələrdən biri Türkiyədir. Belə sistemlər pilotsuz döyüş vasitələri ilə birlikdə müxtəlif tapşırıqları yerinə yetirirlər və indiyədək ciddi problemlər müşahidə olunmayıb”.
Ədalət Verdiyev
Ekspert bildirib ki, bir sıra ölkələr artıq uzaq məsafələrdə hədəfləri məhv etmək imkanına malik raketlərlə silahlandırılmış pilotsuz platformalardan istifadə edirlər:
“İlkin mərhələdə döyüş robotlarının daşıdığı silah-sursat və idarəetmə alqoritmləri ilə bağlı müəyyən çətinliklər yarana bilər. Lakin zaman keçdikcə bu sistemlərin təkmilləşdirilərək daha geniş şəkildə döyüş əməliyyatlarına cəlb olunacağı gözlənilir. Buna baxmayaraq risk amili tamamilə aradan qalxmayacaq. Silahdan söhbət gedirsə, səhv ehtimalını heç vaxt sıfıra endirmək mümkün deyil. Buna görə də müasir döyüş robotlarının hazırlanması zamanı özünü zərərsizləşdirmə yaxud özünü sıradan çıxarma mexanizmlərinin nəzərdə tutulması vacibdir. Belə sistemlər hədəfin itirilməsi, texniki nasazlıq və ya idarəetmə problemləri yarandıqda robotun təhlükəli davranışlarının qarşısını ala bilər.
Bu cür təhlükəsizlik mexanizmlərinin tətbiqi döyüş robotlarının nəzarətdən çıxaraq ətrafdakılar üçün təhlükə yaratması riskini minimuma endirəcək. Ümumilikdə, hər bir silah sistemi zamanla təkmilləşir, modernləşir və daha etibarlı olur. Təbii ki, istehsalçılar da bu texnologiyaların yaratdığı riskləri və narahatlıqları nəzərə alaraq onların təhlükəsizlik imkanlarını daim inkişaf etdirəcəklər”.
Ləman İmran
Globalinfo.az