Bank kartlarından icazəsiz ödənişlərlə bağlı şikayətlər yenidən gündəmə gəlib. Jurnalist Dünya Sakit sosial media hesabında qeyd edib ki, bir neçə gün əvvəl “Microsoft” şirkətindən “Word” proqramı aldıqdan sonra onun kartından heç bir təsdiq kodu tələb olunmadan 96 dollar (təxminən 164 manat) məbləğində vəsait silinib. Müştərinin sözlərinə görə, ödəniş zamanı bank OTP (birdəfəlik təsdiq kodu) kod göndərməyib, üstəlik əməliyyata görə əlavə komissiya da tutulub. Şikayətçi məsələ ilə bağlı bankın müştəri xidmətinə müraciət etdiyini və ona əvvəlki alış zamanı daxil edilən təsdiq məlumatlarının sistemdə saxlanıldığı üçün ödənişin avtomatik həyata keçirildiyinin bildirildiyini deyib.
Bankların təhlükəsizlik məsələsini necə həll etmək olar?
Globalinfo.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov deyib ki, burada əsas məsələ vətəndaşın OTP xidmətinə qoşulub-qoşulmamasıdır:
“Vətəndaş bu xidmətə qoşulubsa, əməliyyatların təsdiqi üçün ona kod göndərilir və o, həmin koddan istifadə edə bilir. Xidmətə qoşulmadıqda isə bu mexanizm işləmir. Əgər vətəndaş xidmətə qoşulubsa, lakin bank öz öhdəliyini yerinə yetirməyərək təsdiq kodunu göndərməyibsə və bunun nəticəsində müştəriyə maddi zərər dəyibsə, o zaman vətəndaş banka qarşı məhkəmə qaydasında iddia qaldıra, həmçinin Azərbaycan Mərkəzi Bankına (AMB) şikayət edə bilər”.
Əkrəm Həsənov
İqtisadçı bildirib ki, bəzi hallarda təsdiq kodunun çatdırılmaması bank sistemində yaranan texniki nasazlıqla bağlı ola bilər:
“Eyni zamanda, problemin istifadəçinin mobil operatoru və ya telefonunun texniki vəziyyəti ilə əlaqədar da yaranması mümkündür. Bu səbəbdən hər bir hal ayrıca araşdırılmalı və problemin mənbəyi dəqiq müəyyənləşdirilməlidir”.
Ləman İmran
Globalinfo.az