“Bir neçə gün öncə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentinə öz xətti ilə yazdığı səmimi müraciəti yayıldı. Aydındır ki, bu, sadəcə diplomatik etiket deyil, çünki, Tramp siyasi karyerası boyu yalnız qətiyyətli, öz ölkəsinin milli maraqlarını qoruyan və real nəticə göstərən liderlərə xüsusi rəğbət bəslədiyini gizlətməyib”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, dünyanın ərazicə ikinci böyük dövlətinin – Kanadanın rəhbərinə qubernator deməkdən çəkinməyən ABŞ Prezidentinin cənab İlham Əliyev barədə müsbət qeydləri yalnız müstəqil iradə sahibi olan güclü dövlət rəhbəri faktoruna əsaslanır:
“Tramp haqlı olaraq İlham Əliyevə mürəkkəb bir regionda geosiyasi balansları ustalıqla idarə edən, qlobal arenada diktə edə bilən, sarsılmaz iradəyə malik bir strateq kimi baxır.
Nə qədər paradoksal görünsə də, güc və imkanlarımızın artmasının bir indikatoru da Qərbin anti-Azərbaycan mərkəzləridir. Son günlər Avrostrukturlarda Bakı əleyhinə fəaliyyətlər, o cümlədən özünü beynəlxlaq ekspert kimi təqdim edən, əslində isə çoxdan arxivə atılmış adamların “insan hüquqları” pərdəsi altında fəallaşması, həmçinin AXC-Müsavat ünsürlərinin aktivləşmə cəhdləri bir daha göstərir ki, doğru yoldayıq. Amma özünüz baxın, cənab İlham Əliyevi regionun taleyini dəyişən, böyük masalarda öz şərtlərini qəbul etdirən və müasir tarixin gedişatına yön verən qüdrətli bir dövlət rəhbəri kimi qəbul edən Trampın sözü qarşısında bu bitmiş muzdluların sözü nə qədər əhəmiyyətlidir?”
Safura Bənnayeva
Globalinfo.az