dunya cempionati 1121

Futbol üzrə dünya çempionatının başlamasına sayılı günlər qalıb. Dünyanın ən güclü milli komandalarının bir araya gələcəyi turnirlə bağlı müxtəlif proqnozlar səsləndirilir.

Bəs idman ekspertləri hansı yığmanı əsas favorit hesab edir?

Globalinfo.az-a danışan tanınmış idman şərhçisi Ramiz Mirzəzadənin sözlərinə görə, hazırda əsas favoritlər sırasında İspaniya, Portuqaliya və Fransa milliləri göstərilir. İngiltərə ən güclü namizədlərdən hesab olunur. Fikrimcə, turnirin əsas favoriti Portuqaliyadır. Bu komandanın heyəti son dərəcə balanslı və keyfiyyətlidir. Söhbət yalnız Kriştianu Ronaldodan getmir. Hətta Ronaldosuz belə, Portuqaliya yığması dünya çempionluğu uğrunda mübarizə aparacaq gücdədir. Komandanın müdafiə və yarımmüdafiə xətləri xüsusilə diqqət çəkir. Hazırda dünyanın ən yaxşı yarımmüdafiəçiləri sırasında göstərilən Vitinya və Joao Neveş kimi futbolçular bu kollektivin əsas simalarındandır. Üstəlik, mövsümün ikinci yarısını möhtəşəm keçirən və Çempionlar Liqasında məhsuldar ötürmələr üzrə rekord göstəricilərdən birinə imza atan oyunçular da heyətdə yer alırlar. Belə bir potensiala malik komandanı mundialın əsas favoriti hesab etmək tamamilə məntiqlidir”.

ramiz mirzezade01312

R.Mirzəzadə deyib ki, İspaniya millisi də çox güclü təsir bağışlayır:

“Fransa yığması hər zaman olduğu kimi iddialıdır. Son dünya çempionu Argentina da təbii ki, favoritlər sırasındadır və titulunu qorumağa çalışacaq. İngiltərə millisinin çıxışı da maraqla gözlənilir. Baxmayaraq ki, Tomas Tuxelin bəzi heyət seçimləri birmənalı qarşılanmayıb, komandanın potensialı kifayət qədər yüksəkdir. Sürpriz edə biləcək komandalar da var. Norveç millisinin son dövrlərdəki inkişafı diqqət çəkir. Qardaş Türkiyə yığmasının çıxışı da böyük maraq doğurur. Eyni zamanda, “narıncılar” kimi tanınan Niderland millisinin bu mundialdakı performansı futbolsevərlərin diqqət mərkəzində olacaq”.

İdman jurnalisti Kənan Məstəliyev bu mundialda orta səviyyəli komandalar belə favoritlərə ciddi müqavimət göstərə, onlarla başabaş mübarizə apara bilirlər:

“Buna görə də sürpriz nəticələr təəccüblü olmayacaq. Fikrimcə, iki əsas favorit İspaniya və Fransa yığmalarıdır. Bu komandalar elə futbolçulara malikdirlər ki, istənilən oyunda, istənilən rəqibə qarşı matçın taleyini həll edə bilərlər. Hər iki yığmada dünya səviyyəli ulduzlar toplanıb və həm heyət keyfiyyəti, həm də oyun sistemi baxımından digər rəqiblərdən bir qədər öndə görünürlər”.

K.Məstəliyev deyib ki, son dünya çempionu Argentina millisinin də adını favoritlər sırasında çəkmək lazımdır:

“Lionel Messi artıq karyerasının əvvəlki dövrlərindəki kimi deyil və yaş amili öz təsirini göstərir. O, əvvəlki intensivlikdə və tempdə oynaya bilmir. Lakin Messi yenə də Messidir və onun meydanda olması Argentinaya əlavə üstünlük verir.

Braziliya yığması da ənənəvi favoritlərdən biridir. Hücum xətti kifayət qədər güclüdür, lakin müdafiədə müəyyən problemlər hiss olunur. İngiltərə millisi son illərdə sabit inkişaf nümayiş etdirir. Almaniya yığmasını da unutmaq olmaz, onlar hər zaman ciddi rəqib hesab edilir”.

kenan mesteliyev

K.Məstəliyev əlavə edib ki, sürpriz edə biləcək komandalar arasında ilk növbədə Türkiyə millisinin adını çəkmək olar:

“Hakan Çalhanoğlu, Arda Güler, Kenan Yıldız, Barış Alper Yılmaz və digər istedadlı futbolçuların yer aldığı bu kollektiv istənilən rəqiblə mübarizə aparmaq gücünə malikdir. Afrikadan Mərakeş, Asiyadan Cənubi Koreya yığmasının da maraqlı çıxış etməsi mümkündür.

Ev sahibi komandalardan Meksika və ABŞ da öz azarkeşləri önündə uğurlu nəticələr qazanmağa çalışacaqlar. Ümumilikdə isə favoritlər sırasında İspaniya, Fransa və Argentina ön plana çıxır. Hazırkı güc balansını nəzərə alsaq, İspaniya və Fransa dünya çempionluğuna ən real namizədlər kimi görünürlər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: