WhatsApp Image 2025 09 17 at 11

Aqşin Evrən yazır…

SSRİ-nin son lideri Mixail Qorbaçov, Rusiyanın ilk prezidenti Boris Yeltsin, hazırkı dövlət başçısı Vladimir Putin, eləcə də 4 il Rusiyaya rəhbərlik etmiş Dmitri Medvedyevin ErmənistanAzərbaycan münaqişəsi ilə bağlı təxminən bir “mövqeyi” olub: “Biz tərəflər arasında sülhün təmin olunmasını arzulayır və bu istiqamətdə səylərimizi davam etdiririk”.

Təbii, bu səylər heç bir nəticə vermədiyi kimi, azı 3 dağıdıcı müharibəyə səbəb oldu.

Yekunda Rusiyanın 4, ABŞ-ın 6-7, Fransanın 4-5 liderinin “arzuladığı”, lakin bacarmadığı sülhü Azərbaycan öz Ali Baş Komandanı, Ordusu və Xalqı ilə təmin etdi.

İndi Ermənistanla Azərbaycan yaralarını sarıyıb, yeni mərhələyə keçməyə çalışır. Azərbaycan Prezidenti bütün tribunalardan bəyan edir ki, Ermənistanda hərbi hədəfləri yoxdur. Ermənistan Baş naziri Nikol Paşinyan dönə-dönə vurğulayır ki, “mən istəyirəm 10 il, 100 il sonra belə Azərbaycanla bir kola, bir ağaca görə gərginlik yaşamayaq”.

Yəni hər iki ölkənin rəhbəri münaqişə səhifəsini bağlamağa, sülh və regional əməkdaşlıq çərçivəsində münasibətlər qurmağa çalışır.

Amma bir də baxırıq nə baş verir?

Rusiya bu və ya digər formada Qarabağ məsələsini gündəmə gətirir. Bu ölkənin rəsmiləri tez-tez deyirlər ki, başqa variantlar var idi, amma Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıdı: yəni Moskva bunu istəmirdi.

Keçmiş Qarabağ münaqişəsi artıq arxada qalıb, Azərbaycan ərazi bütövlüyünü tam təmin edib, dünya da bu reallıqla barışıb. Demək olar ki, ABŞQərb də bu mövzuda geri çəkilib, lakin şimal qonşumuz mövcud gerçəkləri qəbul etmək istəmir.

Rusiyanın Stavropol vilayətində ermənilərin separatçılıq meyillərinin simvolu kimi təqdim etdikləri “Biz və bizim dağlar” abidəsinin surətinin quraşdırılması bu dağıdıcı mövqeyin növbəti nümunəsidir.

Bu, tarix olmuş münaqişəni diriltməyə, regionda sülhün qarşısını almağa yönəlmiş siyasətin davamıdır.

Artıq ermənilər də başa düşürlər ki, Azərbaycan həm iqtisadi, həm siyasi, ən vacibi hərbi baxımdan güclənib. Belə bir məqamda nəinki revanş istəmək, hətta münaqişə vəziyyətini davam etdirmək belə onlar üçün ağrılı nəticələrə gətirib çıxaracaq.

O səbəbdən bu gün erməni rəsmilər Xankəndiyə, Şuşaya tankla gəlməkdən yox, Bakıya qonaq kimi təyyarə ilə gəlmək arzularından danışırlar.

O səbəbdən bu gün Azərbaycandan Ermənistana cavab zərbələri fonunda raketlər yox, neft, taxıl və gübrə kimi məhsullar gedir.

O səbəbdən bu gün sıx atıcı döyüşlərdən yox, sıx əməkdaşlıqdan danışılır.

Təbii, mövcud reallıqları yalnız Azərbaycan formalaşdırıb. Təkbaşına!

Rusiyanın ErmənistanAzərbaycan münasibətləri, eləcə də Qarabağ məsələsi ilə bağlı hazırkı mövqeyi təəssüf doğurur.

Daim Cənubi Qafqazda sülhə, sabitliyə dəstək verdiyini deyən Moskvanın addımları sözü ilə ziddiyyət təşkil edir.

Qarabağ münaqişəsi Qorbaçovun köməkçisi olmuş akademik Abel Aqanbekyanın “Humanite” qəzetinə verdiyi müsahibə ilə başlamışdı. Bu gün Rusiyada hansısa dairələr “Humanite” qəzetinin səhifələrindən “Biz və bizim dağlar” abidəsinin maketini düzəldərək münaqişəni yenidən alovlandırmağa çalışırlar. Lakin Azərbaycan Ordusu bütün separatçı cəhdləri və sənədləri 2020 və 2023-cü illərdə məhv edib. Özü də bizim dağlarda…

Paylaş: