Globalinfo.az ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, sabiq səfir Metyu Brayza ilə müsahibəni təqdim edir:
– Cənab Brayza, artıq dörd gündür ki, Yaxın Şərq müharibə ocağına çevrilib. Bunu Üçüncü Dünya müharibəsi hesab etmək olarmı?
– Hazırkı toqquşmanı Üçüncü Dünya müharibəsi adlandırmaq doğru deyil. Belə bir müharibə üçün Rusiya və Çinin də prosesə qoşulması lazım idi, lakin onlar bu münaqişədə iştirak etmirlər. Bu, Yaxın Şərqlə məhdudlaşan regional qarşıdurmadır və Türkiyə, Azərbaycan, Əfqanıstan və ya Pakistana yayılmayıb. Körfəz və yaxınlıqdakı ölkələrlə bağlıdır. Yəqin ki, növbəti günlərdə vəziyyət gərginləşəcək. Amma düşünmürəm ki, bu, yaxın bölgədən kənara çıxacaq.
– Prezident Donald Tramp İrana qarşı hərbi əməliyyatları bir ay ərzində bitirməyi planlaşdırır. Lakin görünən odur ki, tərəflərin tutduğu mövqe diplomatik danışıqlar və qarşılıqlı güzəştlərdən hələ çox uzaqdır.
– Bəli, tərəflər hələ də güzəştdən uzaqdırlar. Son bir neçə həftə, hətta aylar ərzində ABŞ İranla üz-üzə diplomatik danışıqlar təklif etdi, lakin Tehran razılaşmadı. İndi İran deyir ki, “diplomatik danışıqlar istəyirik”. Bu dəfə Tramp artıq çox gec olduğunu bildirdi. Deməli, onlar hələ bir müddət də mübarizəni davam etdirəcəklər.
– ABŞ İranda Rusiyanın Ukraynada düşdüyü ağır durumla üzləşə bilərmi?
– Düşünürəm ki, xeyr, çünki xərclər çox artarsa, noyabr ayında Konqresə keçiriləcək seçkilər yaxınlaşdıqca Prezident Tramp, ehtimal ki, bu səyləri dayandıracaq, Prezident Putin isə tanrının ona müstəqil Ukraynanı məhv etmək və Rusiyaya qatmaq kimi ilahi bir missiya verdiyinə qərar verib. Və bu ilahi missiya, Putin və Rusiyaya məcbur qalana, tükənənə, hərbi və iqtisadi cəhətdən davam gətirməyənə qədər dayanmağa imkan vermir.
ABŞ-a gəldikdə isə, düşünürəm ki, ABŞ əməliyyatın siyasi və iqtisadi xərcləri, xüsusən də noyabrda keçiriləcək seçkilərdə əsas məsələyə çevriləcək benzin qiyməti artdıqca, Prezident Tramp münaqişəyə danışıqlar yolu ilə son qoymağa çalışacaq. Və aydındır ki, İran rəhbərliyi, ABŞ-ı məğlub edə bilməyəcəyini anladıqları üçün hərbi əməliyyatlarını regional olaraq genişləndirsə də, münaqişəyə danışıqlar yolu ilə son qoymaq istəyir.
Benyamin Netanyahu və Əli Xamenei
– ABŞ qanunvericiliyində İsrailin təhlükəsizliyinə təminat məsələsinin yer aldığı iddia edilir. Bu nə dərəcədə doğrudur?
– ABŞ federal hökumətindən İsrailin təhlükəsizliyini təmin etməyi tələb edən hər hansı qanun tanımıram. Əksinə, İsrailin ABŞ-dakı yəhudi icması vasitəsilə Amerika siyasətində çox mühüm təsirə malik olduğu reallığı var. Məsələ yalnız Amerikanın yəhudi icması vasitəsilə İsrail tərəfindən həyata keçirilən manipulyasiyalarda deyil. Amerika siyasi liderləri digər ölkələrlə yanaşı İranın İsraili məhv etməyə çalışdıqları zaman onun Holokost sonrası mövcudluğunu təmin etməyi mənəvi borc hesab edirlər. ABŞ-da bu yanaşma qanunla deyil, siyasi əxlaqla formalaşıb.
– ABŞ və İsrailin milli maraqları bəzən üst-üstə düşür, lakin dünya liderliyinə iddialı və Pekinlə rəqabət aparan Vaşinqtonun öz xarici siyasət prioritetləri var. Bu baxımdan, hazırda təxminən 10-a yaxın ölkənin cəlb olunduğu müharibənin gedişatı və ehtimal nəticələri ABŞ və İsrail üçün ayrı-ayrılıqda nə vəd edir?
– Əlbəttə ki, ABŞ-ın İsraildən ayrı xarici siyasəti var. Həmçinin Çinlə rəqabət aparır, lakin buna baxmayaraq ABŞ Çindən güclüdür. İndiki halda Tramp administrasiyası İsrailin ABŞ-ı İrana qarşı müharibəyə cəlb etdiyini açıqlayıb. Çünki İsrailin Baş naziri Netanyahu Prezident Trampa ABŞ-ın iştirak edib-etməməsindən asılı olmayaraq, İrana hücum edəcəklərini söyləyib. Və sonra ABŞ qərara gəlib ki, İsrailin təkbaşına hücum etməsinə icazə verməkdənsə, onunla əməkdaşlıq etmək daha yaxşıdır. Mənə elə gəlir ki, ABŞ İsrailin onun yerinə qərar verdiyini deyir. Amma bunun həqiqətən baş verib-vermədiyini bilmirəm. İyun ayında Baş nazir Netanyahu İran rejimini devirmək istəyəndə Prezident Tramp dedi ki, biz razı deyilik. İndi Tramp fikrini dəyişib. Ona görə də mən həqiqətən də bilmirəm ki, Trampı İrana hücuma nə vadar etdi. Bunu onun özündən başqa heç kim bilmir.
– Senator Cek Rid bildirdi ki, ABŞ-ın hücum əməliyyatları Konqresdə təsdiqlənməyib. Bəzi ekspertlərin iddiasına görə, ABŞ qanunvericiliyində 1233 saylı qanun var və sabiq prezident Riçard Niksonun dövründə qəbul edilən bu qanun dünyanın istənilən yerində ABŞ üçün təhdid sayıla biləcək qüvvəyə qarşı onun özünümüdafiə hüququnu tanıyır. Yəni bu, əməliyyatların Konqresdə təsdiqlənməsinin vacib olmadığı anlamına gəlir?
– Mən ABŞ-da 1233 saylı qanun haqqında heç vaxt eşitməmişəm. Prezident Riçard Niksonun dövründə qəbul edilmiş qanun “Müharibə Səlahiyyətləri Qanunu” adlanır. Burada deyilir ki, ABŞ irimiqyaslı hərbi güc tətbiq edəcəksə, Konqreslə məsləhətləşmələr aparılmalı və təsdiqlənməlidir. Bəlkə də 1233 saylı qanun deyərkən bunu nəzərdə tutursunuz. Amma daha da əhəmiyyətlisi, ABŞ Konstitusiyasında deyilir ki, Prezident başqa bir ölkəyə müharibə elan edə bilməz və bu, ABŞ Konqresinin və xüsusən də ABŞ Senatının işidir.
Donald Tramp və Riçard Nikson
Hüquqi baxımdan, bu kimi hərbi əməliyyatlar Konqresin təsdiqini tələb edir. Beləliklə, Prezident Trampın bu hərəkəti konstitusiyaya ziddir və əsl sual budur ki, hazırda Respublikaçılar tərəfindən idarə olunan ABŞ Konqresi ona müqavimət göstərəcəkmi? Aydındır ki, Respublikaçılar ABŞ Konqresinə nəzarət etdiyi müddətcə cavab “xeyr”dir. Lakin noyabr ayında Konqresə seçkilər keçiriləcək və Demokratların Nümayəndələr Palatasına nəzarəti ələ keçirəcəyi çox aşkardır. Mümkündür ki, onlar Senata da nəzarəti ələ keçirsinlər və sonra Prezident Trampın xarici ölkələrdəki hərbi əməliyyatlarına müqavimət göstərə bilərlər. Onlar hətta Prezident Trampı yenidən impiçment edə bilərlər. Amma çox ümid edirəm ki, İrana qarşı bu dəhşətli müharibə o vaxta qədər başa çatacaq.
– İran Dubaydakı ABŞ konsulluğuna da hücum həyata keçirdi.
– Bəli, izlədim və ümid edirəm ki, hər şey yaxşı olacaq. Diplomatik nümayəndəliklərə hücum beynəlxalq hüququn pozulmasıdır, eyni zamanda suveren dövlətlərin liderlərinə sui-qəsd də belədir. ABŞ və İranın gərginliyi azaltmaq üçün bir yol tapması vacibdir və Türkiyə bunun üçün səy göstərir.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul