REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Globalinfo.az-a müsahibəsində uşaqpulunun verilməsi ilə bağlı maraqlı təklif səsləndirib. İqtisadçı bildirib ki, bunun üçün mərhələli proqram tərtib etmək lazımdır.
Sitat: “İlk mərhələdə 2-ci uşağa, onların sayı 920 mindən çoxdur, hərəsinə 100 manat vermək olar. İkinci mərhələdə artıq 3-cü, daha sonra 4, 5 və sair bu formada gedə bilər. İlkin mərhələdə 2-ci uşağa pulun ödənilməsi üçün 1 milyard manat vəsait lazımdır. Sonrakı mərhələdə vəsait artacaq, amma dövlət büdcəsinin buna gücü çatacaq”.
Bu təklif nə dərəcədə realdır? İcrası mümkündürmü?
Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu ideya sosial və demoqrafik baxımdan kifayət qədər real təklifdir:
“Burada əsas məsələ dövlət büdcəsinin bunu prinsip etibarilə qaldırıb-qaldırmaması deyil, belə bir öhdəliyin uzunmüddətli və sabit maliyyələşdirilməsinin necə təmin olunmasıdır. Məsələn, 920 min uşağa aylıq 100 manat ödənilməsi nəzəri olaraq ildə təxminən 1,1 milyard manat xərc deməkdir. Bu rəqəm büdcə üçün idarəolunmaz məbləğ kimi görünmür, lakin hesablamada uşaqların sayı ilə yanaşı ödənişin neçə il davam edəcəyini, yeni doğulan ikinci uşaqların sistemə əlavə olunmasını və gələcəkdə üçüncü, dördüncü uşaqlara da ödənişlərin genişləndirilməsini nəzərə almaq lazımdır”.

Akif Nəsirli
İqtisadçı bildirib ki, bu səbəbdən mərhələli model daha məqsədəuyğun görünür:
“Əvvəlcə ikinci uşağa, daha sonra üçüncü və sonrakı uşaqlara dəstəyin genişləndirilməsi həm büdcə yükünü tədricən artırar, həm də dövlətə proqramın nəticələrini qiymətləndirmək imkanı verər. Uşaqpulu sosial yardımdan əlavə, həm də demoqrafik siyasət vasitəsi kimi nəzərdən keçirilə bilər. Bununla yanaşı, belə ödənişin doğum səviyyəsinə nə qədər təsir edəcəyini dəqiq təmin etmək mümkün deyil. Ailələrin uşaq sahibi olmaq qərarına mənzil, gəlir, iş sabitliyi, məktəbəqədər təhsil və səhiyyə xərcləri də ciddi təsir göstərir. Ona görə uşaqpulu mənzil, bağça və digər sosial dəstəklərlə tamamlanarsa, daha effektiv ola bilər. Ölkəmizdə hazırda uşağın doğulmasına görə birdəfəlik müavinət mövcuddur və proaktiv qaydada təyin edilir”.
Ləman İmran
Globalinfo.az