su qadin 1

Çində 15 gün ərzində yalnız su qəbul edərək təxminən 20 kiloqram arıqlayan 31 yaşlı qadın ağır beyin pozuntusu ilə xəstəxanaya yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Məlumata görə, boyu təxminən 160 santimetr olan qadının aclığa başlamazdan əvvəl çəkisi 70 kiloqram olub. Qısa müddətdə çəki itirmək məqsədilə qida qəbulunu tamamilə dayandıran qadın 15 gün ərzində 20 kiloqrama yaxın arıqlayıb. Lakin bundan sonra onun səhhətində ciddi problemlər yaranıb. Xəstəxanaya müraciət edən qadında şüur bulanıqlığı, yaddaş pozuntusu, göz hərəkətlərində çətinlik və tarazlığın kəskin şəkildə pisləşməsi müşahidə olunub.

Həkimlər pasiyentə Vernike ensefalopatiyası diaqnozu qoyublar. Bu, əsasən ağır B1 vitamini (tiamin) çatışmazlığı və orqanizmin ciddi qida çatışmazlığı vəziyyətinə düşməsi ilə əlaqəli, həyati təhlükə yarada bilən nevroloji pozuntudur.

Xəstəliyin təsiri nəticəsində qadının yeriməsi də ciddi şəkildə dəyişib və həkimlər onun hərəkətlərini “pinqvin yerişinə” bənzədiblər. Mütəxəssislər müalicədən sonra belə koordinasiya problemlərinin tam aradan qalxmamaq ehtimalı barədə xəbərdarlıq ediblər.

Qadın bildirib ki, arıqlamaq məqsədilə “biqu” kimi tanınan qədim daosist praktikasından istifadə edib. Ənənəvi formada bu yanaşma taxıl məhsullarından imtinanı nəzərdə tutur. Lakin müasir bəzi yozumlarda praktika qidadan tamamilə uzaq durmağa qədər genişləndirilib.

Həkimlər isə uzunmüddətli aclığın və kəskin çəki itkisinin ağır nevroloji fəsadlara səbəb ola biləcəyini deyirlər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: