Zəngəzur dəhlizinin açılması ilə bağlı proses artıq yalnız Azərbaycan və Ermənistan arasındakı nəqliyyat bağlantısı məsələsi olmaqdan çıxıb. Vaşinqtonun təşəbbüsə birbaşa cəlb olunması, dəhlizin ABŞ Prezidenti Donald Trampın adı ilə “TRIPP” adlandırılması və Amerikanın layihənin inkişafında uzunmüddətli rolunun nəzərdə tutulması Cənubi Qafqazın geosiyasi xəritəsində yeni mərhələnin başlaya biləcəyini göstərir.
Bəs dəhliz fəaliyyətə başladıqdan sonra proses necə inkişaf edəcək? ABŞ-ın bölgədə iqtisadi iştirakının ardınca təhlükəsizlik və hərbi-siyasi varlığının genişlənməsi mümkündürmü? Ən əsası isə ABŞ-ın Cənubi Qafqazdakı rolunun artması Rusiya və İranın mövqelərinə, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir göstərəcək?
Globalinfo.az-a danışan Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov bildirib ki, “ABŞ Zəngəzur dəhlizi açıldıqdan sonra regiona gələcək” ifadəsi düzgün deyil:
“ABŞ onsuz da regiondadır və sadəcə, mövcudluğunu artırır. Fikrimcə, təhlükəsizlik komponenti Zəngəzur dəhlizinin ən ziddiyyətli və maraqlı hissəsidir. Çünki fəaliyyət rejimi və infrastruktur məsələsi aydındır. ABŞ şirkətinin bu təhlükəsizliyi necə təmin edəcəyi isə hələlik məlum deyil.
Rusiya və İranla bağlı müəyyən gərginlik var. Xüsusilə Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalıb. Böyük ehtimalla, layihə istismara veriləndə Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindən çıxacaq.

Fərhad Məmmədov
İran tərəfi isə istəyir ki, ABŞ hərbçiləri prosesdə iştirak etməsin. Tehran təhlükəsizlik baxımından Ermənistan-İran sərhədində erməni sərhədçilərinin dayanmasını tələb edir.
ABŞ və Ermənistanın öz daxilində hərbiləşmiş şirkətlərlə müqavilə imzalayacağı, dəhliz boyu təhlükəsizliyin bu yolla qorunacağı gözlənilir. TRIPP layihəsi inkişaf edir, lakin təhlükəsizlik məsələsi hələlik tam məlum deyil”.
Turan Rzayev
Globalinfo.az