Xəbər verdiyimiz kimi, aprelin 21-i Papa Fransisk Vatikandakı Casa Santa Marta iqamətgahında vəfat edib. Onun ölümündən sonra bütün dünyada “Katolik Kilsəsinin yeni başçısı kim olacaq?” sualı gündəmə gəlib. Roma Papasının necə seçildiyi və kimlərin əsas namizəd sayıldığı barədə artıq müxtəlif media orqanları tərəfindən məlumatlar dərc olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə “Lenta.ru” da məlumat yayıb və Konklavda (yeni papanı seçən kardinal yığıncağı) favorit hesab olunan dörd əsas namizədin adlarını açıqlayıb.
Favorit namizədlər aşağıdakılardır:
1. Luis Antonio Taqle
Filippinin paytaxtı Manila şəhərinin arxiyepiskopu olan kardinal Luis Antonio Taqle uzun müddətdir ki, bukmeker kontorları tərəfindən ən güclü namizəd kimi göstərilir. Vatikan rəsmiləri də ondan tez-tez danışırlar. Taqle seçilsə, Katolik Kilsəsi tarixində ilk asiyalı Papa olacaq. Qeyd olunur ki, Taqle LGBT hüquqları ilə bağlı mütərəqqi mövqeyi ilə də tanınır.
2. Pietro Parolin
Vatikanın dövlət katibi olan kardinal Pietro Parolin beynəlxalq münaqişələrin həllində fəal iştirak etdiyinə görə “Vatikanın rəqibsiz diplomatı” kimi tanınır.
Onun ehtiyatlı, lakin təsirli yanaşması, islahatlardan sonra kilsədə sabitliyi təmin edə biləcək bir lider obrazı yaradır. Buna görə də onun seçilmə ehtimalı yüksək qiymətləndirilir.
3. Peter Erdo
Macarıstanın Esterqon-Budapeşt arxiyepiskopu Peter Erdo Katolik Kilsəsinin mühafizəkar qanadının əsas namizədi sayılır.
O, boşanmış cütlüklərin yenidən evlənməsini tənqid edir və eynicinsli cütlüklərə güzəştlərin əleyhinədir. Erdo Papa seçilsə, keçmiş sosialist bloku ölkəsindən olan ikinci Papa olacaq – bu şərəfə ilk dəfə II İohann Pavel nail olmuşdu.
4. Peter Turkson
Qanadan olan və Keyp Sahilinin keçmiş yepiskopu Peter Turkson həmçinin Cənubi Sudanda sülh elçisi kimi fəaliyyət göstərib. Əgər o seçilsə, Katolik Kilsəsi tarixində ilk qaradərili Papa olacaq. Afrika və Qlobal Cənubda katoliklərin artan sayı fonunda bu seçim simvolik və tarixi əhəmiyyət daşıya bilər.
Turkson LGBT və ətraf mühit məsələlərində orta mövqedə dayanmağa çalışdığı üçün bəzən mübahisəli reputasiyaya sahib sayılır.
Safura Bənnayeva
Globalinfo.az