Xəbər verdiyimiz kimi, Bakıda məhkəmə gecikmiş kreditlə bağlı qohumlara edilən zəngi bank sirrinin pozulması sayaraq qurumu cəzalandırıb. Məhkəmə hesab edib ki, bu, onun şəxsi həyatına aid məlumatdır və müştərinin razılığı olmadan üçüncü şəxslərə açıqlana bilməz. Sözügedən xəbər ictimaiyyət arasında narahatlıq yaradıb.
Bu proses qanunvericilikdə necə tənzimlənir? Borc barədə digər şəxslərə məlumat verilməsi bank və şəxsi həyat sirrinin yayılması, həmçinin şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması sayıla bilərmi?
Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, bu hal birbaşa bank sirrinin pozulmasıdır:
“Çünki vətəndaşın bankla bağladığı müqaviləyə dair bütün məlumatlar, götürdüyü məbləğ, faiz dərəcəsi və mövcud borc vəziyyəti konfidensial hesab olunur. Tərəflər bu məlumatların məxfiliyini qorumağa borcludur. Bu baxımdan, məhkəmənin belə qərar verməsi müsbət təşəbbüs kimi qiymətləndirilə bilər. Ümid olunur ki, yuxarı instansiya məhkəmələri də bu mövqeyi qüvvədə saxlayacaq”.
Ramil Süleymanov
Hüquqşünas bildirib ki, belə bir presedent formalaşarsa, banklar fəaliyyətlərində daha məsuliyyətli davranmağa məcbur olacaqlar:
“Xüsusilə, vətəndaşların razılığı olmadan onların maliyyə məlumatlarını üçüncü şəxslərlə bölüşmək, qohumlarına və ya aidiyyəti olmayan şəxslərə informasiya ötürmək kimi halların qarşısı alınacaq. Bu isə vətəndaşların hüquqlarının daha effektiv qorunmasına xidmət edəcək”.
Ləman İmran
Globalinfo.az