143 milyonluq yeyintinin qarşısını hansı nazir almayıb? – Məhkəmədə ittiham

azerbaycanda qazin qiymeti hec nedir nazir samir serifov 309198

Müdafiə Nazirliyi və ona tabe qurumlarda 143 milyon manatlıq yeyinti ilə bağlı keçirilən məhkəmə iclaslarında vaxtaşırı Maliyyə Nazirliyinin də adı hallandırılır.

Sentyabrın 30-da keçirilən məhkəmə iclasında Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə rəhbərlik etmiş General-mayor Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə nazirliyi ittiham edib.

Sitat: “Maliyyə Nazirliyinin Müdafiə Nazirliyinə nəzarət edən şöbəsi 2017-2021-ci illərdə büdcənin necə xərcləndiyini yoxlayıb və yeyinti aşkarlamayıb. Bu qədər yeyinti vardısa, büdcəni ayıran Maliyyə Nazirliyinin xəzinədarlıq şöbəsi hara baxırdı?”

Oxşar suallar başqa yeyinti faktları zamanı da ortaya çıxır. Dövlət vəsaiti, büdcə pulları mənimsənilir, bunun üstünü Maliyyə Nazirliyi yox, hüquq mühafizə orqanları açır, həbslər başlayır, məhkəmə olur. Əksər vaxt da mənimsənilən vəsait tam olaraq büdcəyə geri qaytarılmır. Yeyintidə şübhəli bilinən şəxslər isə Maliyyə Nazirliyinin müxtəlif zamanlarda apardığı audit yoxlamalarına söykənib özlərini təmizə çıxarmağa çalışırlar. Onların bu arqumentləri nə dərəcədə doğrudur?

Globalinfo.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz bütün hallarda vəkil Rəşad Mirmehdizadəni haqlı sayır. Onun fikrincə, vəkil öz işini görür:

“Ona görə yox ki, vəkil doğru deyir. Ona görə ki, o, vəkildir və öz müvəkkilini müdafiə etməlidir. Bununla belə, vəkil Rəşad Mirmehdizadə də gözəl bilir ki, Maliyyə Nazirliyi Müdafiə Nazirliyinin fəaliyyətini necə yoxlayır. Hər yoxlamadan alınan “yeyinti aşkar edilmədi” kimi audit sənədləri reallığı əks etdirmir. Azərbaycan kimi ölkələrdə belə yoxlamalar adətən korrupsioner məmurların özlərinin əməllərini gizlətmək məqsədi daşıyır. Yeyintilər isə bu cür ört-basdır sənədlərində yox, Azərbaycanın ali rəhbərliyinin iradəsi ilə aparılan araşdırmalarda üzə çıxır. Məncə, Rəşad Mirmehdizadə də bunu bilməmiş deyil. O bir vəkil kimi müvəkkilinin hüququnu müdafiə etməyə məcburdur. Amma bəzən bu cür müdafiələr hüquqların yox, cinayətlərin üstünün örtülməsinə xidmət edir. Hesab edirəm ki, bu iki nüans arasındakı incə xətt düzgün təsbit edilməli və müttəhimlərin əməlləri yox, hüquqları müdafiə olunmalıdır. Müvəkkillərə ən gözəl vəkil xidməti də bu ola bilər”.

Həmçinin oxuyun:

“Yaxşı, nazirlikdən soruşan olubmu ki, bu pulu niyə ayırmısan?” – Məhkəmə

heyder oguz

Heydər Oğuz

Heydər Oğuz vəkilin o arqumenti ilə də razıdır ki, 143 milyon manatı heç kim elə-belə yedirməz:

“Bəlkə də mənimsənilən o miqdarın cüzi bir hissəsi N.Məmmədova çatıb. Payın böyük hissəsi isə ötürülə-ötürülə həmin dövrdə Baş qərargah rəisi və ya müdafiə naziri işləmiş şəxslərə gedib çatıb. Vəkil öz müvəkkili ilə danışıb onu bu həqiqətləri etiraf etməyə inandırsa, həm hüququnu müdafiə etdiyi şəxsə, həm də Azərbaycan dövlətinə ən böyük töhfəni verərdi. Təəssüf ki, vəkillərimiz bunu etmirlər. Hüquq müdafiəsi ilə əməlin müdafiəsini bir-birinə qarışdırırlar, nəticədə cinayətlərin bütün məsuliyyəti şübhəli bilinən şəxslərin üzərində qalır və kimlərsə başqalarının əvəzinə həbsxana divarları arxasında ömür çürütməli olurlar. Bu isə müvəkkilə xidmətdən daha çox, ona quyu qazmağa oxşayır”.

Siyasi şərhçi onu da əlavə edib ki, yeyinti faktını araşdıran və ona müsbət rəy verən Maliyyə Nazirliyinin əməkdaşları da istintaqa cəlb olunmalı, həmin generalla müttəhimlər kürsüsündə əyləşməlidirlər:

“Çünki Maliyyə Nazirliyinin həmin əməkdaşları da faktiki olaraq həqiqətləri gizlətməklə, işin üstünü açmamaqla yeyintidə iştirak ediblər. Yəqin ki, onlara də bir pay çatıb. Bu səbəbdən də o şəxslər istintaqdan kənar qala bilməzlər. Mütləq öz cəzalarını almalıdırlar”.

Zaira Akifqızı
Globalinfo.az