Oktyabrın 25-də dərsdən kənar vaxtda (saat 14:10 radələrində) məktəbdənkənar ərazidə 322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) xəsarət yetirilməsi haqqında məlumat daxil olub.
Globalinfo.az bildirir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə məlumat verilib:
“Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.
“Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, – deyə məlumatda qeyd edilib.
X X X
Oktyabrın 25-də günorta saatlarında Xəzər rayonu Buzovna qəsəbəsində 16 və 17 yaşlı iki nəfərə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilməsi və onların xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Globalinfo.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin orta məktəbdə baş verməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
X X X
“Sözügedən hadisə məktəbdən kənarda baş verib”.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri 322 nömrəli məktəbdən adını açıqlanmasını istəməyən xanım bildirib.
“Bəli, 11-ci sinif şagirdi bıçaqlanıb. Biz də bunu eşitmişik. Amma hadisə məktəbdən kənarda baş verib”.
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) və Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlanıb.
X X X
Bakıda Xəzər rayonu, Buzovna qəsəbəsi yerləşən 322 nömrəli orta məktəbdə bıçaqlanma hadisəsi olub.
Globalinfo.az bizim.media-ya istinadən xəbər verir ki, 11-ci sinif şagirdi məktəbin həyətində bıçaqlanıb.
Hadisə şahidləri qan içində olan şagirdin təcili yardım maşını ilə xəstəxanaya çatdırıldığını görüblər.
Hələlik şagirdin kim tərəfindən bıçaqlanması və vəziyyətinin necə olması barədə məlumat yoxdur.