“Müdafiə və təhlükəsizlik məsələlərinə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas strateji istiqamətlərindən biri kimi yanaşılmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
O qeyd edib ki, son illərdə Azərbaycan ordusunun modernləşdirilməsi, hərbi potensialın gücləndirilməsi, müdafiə sənayesinin inkişafı, müasir texnologiyaların tətbiqi və hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən olub:
“44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ildə ölkəmizin bütün ərazisində suverenliyin bərpası Azərbaycanın hərbi və siyasi tarixində mühüm mərhələdir. Lakin hərbi uğurların qorunması və gələcək təhlükəsizlik çağırışlarına hazır olmaq davamlı iş tələb edir. Bu baxımdan, Prezident İlham Əliyevin müəyyən etdiyi müdafiə siyasətinin əsas istiqamətlərini bir neçə mühüm məsələ üzrə xarakterizə etmək olar:
Birincisi, müasir və peşəkar ordu quruculuğunun davam etdirilməsi.
İkincisi, ordunun ən müasir silah və texnologiyalarla təchiz edilməsi, pilotsuz sistemlər, elektron müharibə vasitələri, kəşfiyyat və rəqəmsal idarəetmə imkanlarının inkişaf etdirilməsi.
Üçüncüsü, yerli müdafiə sənayesinin gücləndirilməsi və xarici təchizatdan asılılığın mərhələli şəkildə azaldılması.
Dördüncüsü, dövlət sərhədlərinin etibarlı qorunması və milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi.
Beşincisi, hərbi qulluqçuların, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsinin diqqət mərkəzində saxlanılması”.
Deputat bildirib ki, müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız ənənəvi hərbi güclə ölçülmür:
“Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, enerji infrastrukturlarının qorunması, iqtisadi təhlükəsizlik və strateji kommunikasiya xətlərinin mühafizəsi də milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Ona görə də gələcək illərdə müdafiə və təhlükəsizlik sahəsində büdcə vəsaitlərinin planlaşdırılması zamanı bu istiqamətlərin də nəzərə alınması vacibdir. 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı xüsusi diqqət yetirilməli olan əsas istiqamətlərdən biri müdafiə və milli təhlükəsizlik məsələləridir.
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə olunmuş suverenliyin, ərazi bütövlüyünün, milli təhlükəsizliyin və regional mövqelərin etibarlı şəkildə qorunmasıdır. Müasir dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, regionumuzda təhlükəsizlik çağırışlarının davam etdiyi bir şəraitdə güclü dövlət olmaq, güclü orduya malik olmaq və təhlükəsizlik sistemini daim təkmilləşdirmək strateji zərurətdir. 2027-ci ilin dövlət büdcəsi layihəsi də bu reallıqları nəzərə alan maliyyə sənədidir”.
A.Nağıyev qeyd edib ki, layihəyə əsasən, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat nəzərdə tutulur:
“Bu büdcədə ən mühüm istiqamətlərdən biri müdafiə və milli təhlükəsizlikdir. Həmin sahəyə ümumilikdə 8 milyard 816 milyon 401 min manat vəsait ayrılması planlaşdırılır. Müqayisə üçün qeyd edim ki, 2026-cı ildə bu istiqamət üzrə təsdiq edilmiş xərclər təxminən 8 milyard 717 milyon manat təşkil edib. Beləliklə, 2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinin təxminən 98,8 milyon manat, yaxud 1,1 faiz artırılması nəzərdə tutulur. İlk baxışdan 1,1 faizlik artım böyük rəqəm kimi görünməyə bilər. Lakin burada əsas məsələ yalnız faiz göstəricisi deyil, ayrılan vəsaitlərin hansı istiqamətlərə yönəldilməsi, onların nə dərəcədə səmərəli istifadə olunması və ölkənin müdafiə qabiliyyətinə hansı töhfəni verməsidir”.
Safura Bənnayeva
Globalinfo.az