“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına, əhalinin rifahının yüksəldilməsinə, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və insan hüquqlarının daha səmərəli təmininə mühüm töhfə verir. Bu istiqamətdə müəyyən edilmiş strateji prioritetlər dövlət büdcəsinin əsas istiqamətlərinin formalaşdırılmasında mühüm rol oynayır”.
Globalinfo.az xəbər verir ki, bunu ombudsman Səbinə Əliyeva deyib.
S.Əliyeva bildirib ki, 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi qarşıda duran strateji vəzifələrin həyata keçirilməsi üçün zəruri maliyyə imkanlarının qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:
“Ombudsmana ünvanlanan müraciətlərin təhlili və aparılan monitorinqlərin nəticələri insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi üçün dövlət büdcəsində bir sıra istiqamətlər üzrə maliyyə vəsaitlərinin artırılmasını zəruri edir.
İlk növbədə, tənha, özünəqulluq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan ahıl şəxslərə evdə göstərilən sosial xidmətlərin əhatə dairəsi genişləndirilməlidir. Eyni zamanda, regionlarda səyyar sosial xidmətlərin inkişaf etdirilməsi, uzunmüddətli qulluq xidmətlərinin kadr və maddi-texniki təminatının yaxşılaşdırılması üçün əlavə maliyyə vəsaitlərinin ayrılması məqsədəuyğundur.
Regionlarda tibbi və sosial reabilitasiya xidmətləri şəbəkəsinin genişləndirilməsi, əlilliyi olan şəxslərin, o cümlədən uşaqların protez-ortopedik məmulatlar, müasir reabilitasiya və digər köməkçi vasitələrlə fərdi ehtiyaclarına uyğun və vaxtında təmin edilməsini də vacibdir.
Bununla yanaşı, regionlarda tibbi infrastrukturun və ixtisaslı kadr təminatının gücləndirilməsi, hemofiliyalı şəxslərin zəruri dərman preparatları ilə fasiləsiz təmin olunması üçün maliyyə imkanlarının artırılması mühümdür. Bu məqsədlə həmin preparatların regional tibb müəssisələrində əlçatanlığının təmin edilməsi və təcili hallar üçün zəruri ehtiyatların yaradılması nəzərdə tutulmalıdır”.
Səbinə Əliyeva onkoloji xəstələrin müasir müalicə üsullarına və yüksək effektivliyə malik dərman preparatlarına çıxış imkanlarının genişləndirilməsini də təklif edib:
“Xüsusilə innovativ şişəleyhinə preparatlarla təminatın artırılması, diaqnostika və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulması vacibdir.
Həmçinin süni intellekt əsaslı diaqnostika və klinik qərarların dəstəklənməsi texnologiyalarının səhiyyə sistemində təhlükəsiz və mərhələli tətbiqinə şərait yaradır. Bu texnologiyaların xüsusilə regionlarda xəstəliklərin erkən aşkarlanmasına və ixtisaslaşdırılmış tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəldilməsi üçün müvafiq maliyyə təminatı yaradılmalıdır.
Uşaqların hüquqlarının müdafiəsi, onların təhlükəsiz və sağlam mühitdə inkişafı, eləcə də keyfiyyətli təhsilə bərabər çıxış imkanlarının genişləndirilməsinin dövlət büdcəsinin sosial istiqamətləri çərçivəsində xüsusi diqqətdə saxlanılmalıdır.
Bu baxımdan, inklüziv təhsilin inkişafı, xüsusi təhsil ehtiyacları olan uşaqların təhsil prosesində bərabər iştirakının təmin edilməsi üçün təhsil müəssisələrinin uyğunlaşdırılması, fərdi dəstək xidmətlərinin təşkili və ixtisaslı mütəxəssislərlə təminat məqsədilə zəruri maliyyə resurslarının ayrılması vacibdir”.
Ombudsman həmçinin uşaqların kibertəhdidlərdən, onlayn zorakılıqdan və fərdi məlumatlarının qanunsuz istifadəsindən müdafiəsinə yönəlmiş maarifləndirmə proqramlarının maliyyələşdirilməsinin artırılmalı olduğunu söyləyib:
“Rəqəmsallaşma və süni intellektin əmək bazarına təsiri fonunda işçilərin yenidənhazırlanması və rəqəmsal bacarıqlarının inkişafı proqramlarına maliyyə dəstəyi göstərilməsi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması zamanı həssas qruplar üçün əlçatan və alternativ xidmət imkanlarının yaradılması məqsədəuyğun hesab olunur.
Həmçinin ucqar yaşayış məntəqələrində sosial əhəmiyyət daşıyan, lakin kommersiya baxımından azrentabelli sərnişindaşıma marşrutları maliyyə mexanizmləri vasitəsilə dəstəklənməlidir”.
Safura Bənnayeva
Globalinfo.az