zahid oruc 900x598 2

“Səhiyyə sistemində son aylarda qəbul edilmiş qərarlar da büdcə və idarəçilik baxımından mühüm əhəmiyyətə malikdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həkimlərin əməyi yüksək qiymətləndirildi, 72 mindən artıq tibb işçisinin sosial vəziyyəti yaxşılaşdırıldı. TƏBİB nəhayət, düzgün olaraq, Səhiyyə Nazirliyinin tabeliyinə qaytarıldı”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc deyib.

Deputat bildirib ki, hələ mart ayında İcbari Tibbi Sığortanın da idarə olunması sahəsində struktur dəyişiklikləri aparılıb:

“Lakin xəstələrin müqaviləli özəl tibb müəssisələrinə göndəriş alması və həkim seçimi ilə bağlı çətinliklər də diqqət tələb edir. Qaydalara görə, sığorta çərçivəsində tələb olunan xidməti dövlət tibb müəssisəsində göstərmək mümkün olmadıqda özəl xəstəxanaya göndəriş verilə bilər. Lakin müraciətlərdə növbələrdən, göndərişin gecikməsindən və təkrar müayinələrdən şikayət olunur. Əlbəttə, bütün xidmətlərin məhdudiyyətsiz maliyyələşdirilməsi qeyri-mümkündür. Bununla belə, dövlət müəssisəsində avadanlıq işləmirsə, mütəxəssis yoxdursa və ya gözləmə xəstənin sağlamlığına risk yaradırsa, o zaman müəyyən çıxış yolları tapılmalıdır. İmtina və gecikmənin səbəblərinin də xəstələrə bildirilməsi vacibdir.

Deputat qeyd edib ki, “evlərdəki elektron cihazlar qeydiyyata alınacaq”, “yumurtalar sayılacaq” kimi xəbər başlıqlarının niyə narahatlıq doğurduğunu yalnız sosial medianın üzərinə atmaq olmaz:

“Qərarın mahiyyəti tam açıqlanmadıqda, vətəndaşın hüquqları və məlumatların istifadə məqsədləri vaxtında izah edilmədikdə boşluğu şayiələr doldurur. Dövlət Statistika Komitəsi və aidiyyəti qurumların əhalini məlumatlandırması vacibdir ki, ali maliyyə sənədi olan dövlət büdcəsi layihəsinə qarşı aparılan əkstəbliğata meydan açılmasın.

Büdcə müzakirələrində kəndlərin gələcəyi barədə ayrıca danışmağı vacib sayırıq. Rəsmi statistikaya görə, ölkəmizdə 4 244 kənd yaşayış məntəqəsi var, onlardan 100-də əhalinin sayı 5 min nəfərdən çoxdur. Gədəbəy, Daşkəsən, Lerik, Yardımlı, Qusar, Quba, Şahbuz və digər dağlıq, sərhədyanı rayonlarda əhali azaldıqca məktəbin, tibb məntəqəsinin, poçt və bank xidmətlərinin saxlanması çətinləşir. Əvvəl uşaqların sayı azalır, sonra məktəbin qalması sərfəli sayılmır, müəllim və həkim də başqa yaşayış məntəqəsinə üz tutur. Beləcə, ailəni kənddə saxlayan şərait daha da zəifləyir.

Məsələn, təkcə 2026–2027-ci tədris ilində Gədəbəydə üç məktəbin ləğvi barədə qərar verilib. Ölkəmizdə kənd tibb məntəqələrinin sayı 2024-cü ildəki 1 603-dən 2025-ci ildə 1 512-yə düşüb. Halbuki həmin dövrdə onlara müraciətlərin sayı 1 milyon 263 mindən 1 milyon 414 minə yüksəlib. Dövlət xidmətlərinin taleyini yalnız rentabellik prinsipi ilə müəyyən olunsa, bir müddətdən sonra həmin xidmətə ehtiyacı olan insanların da kənddən köçməsi ilə üzləşə bilərik.

Dağlıq rayonlarda yaşayışa təsir edən ən mühüm məsələ kommunal tariflərdir. Bakı və Abşerondakı hava şəraiti Gədəbəyin, Daşkəsənin, Lerikin, Şahbuzun, Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlidir. Elə yaşayış məntəqələri var ki, ailələr yeddi-səkkiz ay evlərini qızdırmalı olur. Ancaq ölkə üzrə eyni istehlak tarifləri və limitlər tətbiq edilir, qaz və elektrik təchizatında aylıq sabit ödənişlər də mövcudddur. Eyni istehlak şərtlərini müxtəlif iqlim şəraitində yaşayan ailələr üçün tətbiqi ağır nəticələr doğurur”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: