Zakir Hesenov 01

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun COVID-19-a yoluxması ictimaiyyətdə müzakirələrə səbəb olub. Bu, cəmiyyətdə koronavirusun hələ də mövcud olduğunu gündəmə gətirib. Pandemiyanın ən ağır dövrü geridə qalsa da, virusun tamamilə yox olmadığı məlumdur. Bir müddət əvvəl kənd təsərrüfatı naziri Məcnun Məmmədov da koronavirusa yoluxmuşdu.

Bəs hazırda koronavirusa yoluxanlar xəstəliyi necə keçirirlər: ağır simptomlarla, yoxsa daha yüngül formada? Virusun yenidən geniş yayılması və pandemiya dövründə yaşanan çətin günlərin qayıtması ehtimalı varmı?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, koronavirus əvvəlki illərdə, hələ pandemiya yaranmazdan əvvəlki dövrdə də mövcud olub:

“Bu, ötən əsrin 60-cı illərindən heyvanlardan insanlara keçmiş zoonotik virusdur. Bu virusun artıq SARS-1, MERS və daha sonra SARS-CoV-2 formasında üç təhlükəli ştammı ilə qarşılaşmışıq. SARS-CoV-2 isə sonda pandemiya yaratdı. Hazırda pandemiya bitsə də, COVID-19 epidemiyaları davam edir. Payızda COVID-19-un yayılması məntiqli görünür, çünki bu, soyuqdəymə infeksiyasıdır. Omikron ştammının mutasiya variantları da yayılmaqda davam edir”.

Həkim bildirib ki, COVID-19 da qrip kimi artıq həyatımızın bir hissəsinə çevrilməkdədir:

“Virus ayrı-ayrı şəxslərdə müxtəlif cür keçir. Bu, orqanizmdəki yanaşı xəstəliklərdən, immun sisteminin vəziyyətindən, virus yükündən və bir çox digər amillərdən asılıdır. Amma COVID-19-dan ölənlər də var, xəstəliyi ağır keçirənlər də, yüngül keçirənlər də. Sadəcə, bu ştammın yenidən pandemiya törətmək ehtimalı yoxdur. Amma gələcəkdə hansısa ştamm yenidən müəyyən problemlər yarada bilər”.

Adil Qeybulla 900x564 1

Adil Qeybulla əlavə edib ki, bu amillərdən biri də qarşıda gözlənilən qrip pandemiyasıdır:

“İnsanlar diqqətli olmalı, mümkün qədər həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar. Çox təəssüf ki, bizdə bu məsələyə çox laqeyd yanaşılır. Öz sağlamlığımıza diqqət yetirmədiyimiz kimi, başqalarını da qorumuruq. Nəticədə yoluxmuş şəxs başqasını da yoluxdurur. Ola bilər ki, həmin insanın yoluxduğu şəxs üçün xəstəlik elə ağır fəsadlar törətsin ki, bu, onun həyatı bahasına başa gəlsin. Ona görə də hər kəs bu barədə düşünməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: