azz

Azərbaycan elektrik enerjisinin Avropaya ixracı üçün yeni imkanlar əldə edir. Belə ki, Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında imzalanan strateji razılaşmaya əsasən, yeni enerji dəhlizi yaradılacaq və ölkəmizdə istehsal olunan elektrik enerjisi Türkiyə üzərindən Avropaya çatdırılacaq.

Bu, ölkəmizə hansı iqtisadi və strateji üstünlükləri qazandıra bilər? Yeni enerji dəhlizinin yaradılması Azərbaycanın elektrik enerjisi ixracından əldə etdiyi gəlirlərə necə təsir edəcək?

Globalinfo.az-a danışan enerji məsələləri üzrə ekspert İlham Şaban deyib ki, imzalanan sənəd hələlik hökumətlərarası sazişdir:

“Bu müqavilənin imzalanması həm Azərbaycan, həm də Gürcüstan üçün mühüm əhəmiyyət daşıyır. Gürcüstan elektrik enerjisinin 90 faizindən çoxunu yaşıl enerji mənbələrindən əldə edir. Ölkənin zəngin su ehtiyatları var və bu resurslardan əsasən elektrik enerjisi istehsalında istifadə olunur. Azərbaycanda da son illər bu sahəyə yatırılan investisiyalar hesabına yaşıl enerji istehsalı ildən-ilə artır. Təkcə bu ilin doqquz ayında külək enerjisindən əldə edilən elektrik enerjisinin həcmi 1 milyard kilovat-saatı ötüb. Ümumilikdə isə Azərbaycanın yaxın bir neçə ildə yaşıl enerji mənbələrindən əldə etdiyi elektrik enerjisinin həcmini 5-6 milyard kilovat-saata çatdırmaq imkanı var. Buna yeni günəş və külək elektrik stansiyalarının tikilməsi, eləcə də dağ çayları üzərində kiçik su elektrik stansiyalarının sayının artırılması imkan verir. İndiyədək işğaldan azad edilmiş ərazilərdə 38 dağ çayı üzərində su elektrik stansiyası tikilərək istifadəyə verilib. Bu stansiyaların sayının 50-yə çatdırılması planlaşdırılır”.

ilham saban

İlham Şaban

Ekspert bildirib ki, Azərbaycanda yaşıl enerji istehsalı üçün resursların mövcudluğu və bu sahədə istehsal həcmlərinin artması ölkənin ixrac imkanlarını da genişləndirir:

“Çünki Azərbaycan elektrik enerjisi ilə özünü tam təmin etdiyindən əlavə enerji resursları yaranır. Qarşıda duran əsas məsələlərdən biri həmin enerjinin xarici bazarlara çıxarılmasıdır. Bu istiqamətdə ən böyük layihələrdən biri 2022-ci ildə Azərbaycan, Gürcüstan, Qara dənizin dibi ilə Rumıniya və Macarıstanı birləşdirəcək elektrik enerjisi kabelinin çəkilməsi ilə bağlı irəli sürülüb. Lakin layihənin ilkin qrafikə əsasən 2032-ci ildən tez reallaşması gözlənilmir. Həmçinin böyük maliyyə vəsaiti və resurslar tələb etdiyindən onun mərhələli şəkildə həyata keçirilməsi və 2040-cı ildə tam istifadəyə verilməsi nəzərdə tutulur”.

İ.Şaban qeyd edib ki, Avropaya quru yolu ilə elektrik enerjisi ixracı isə həm kapital qoyuluşu, həm də icra müddəti baxımından daha əlverişli və tez reallaşa biləcək layihədir:

“Bu, Azərbaycanın artıq elektrik enerjisinin, xüsusilə də təbii qazdan deyil, külək, günəş və su mənbələrindən əldə edilən yaşıl enerjinin böyük bazarlarda satışına imkan yaradacaq. Həmin bazarlarda elektrik enerjisinin satışından əldə ediləcək gəlir indiyədək qonşu ölkələrə həyata keçirilən ixracdan ən azı üç dəfə çox ola bilər. Bu isə enerji istehsalına yatırılan investisiyaların daha qısa müddətdə geri qaytarılmasına şərait yaradar. Çünki istənilən elektrik stansiyasının, istər kiçik, istər orta, istərsə də böyük olsun, müəyyən tikinti və istismar xərcləri var. İstehsal edilən elektrik enerjisini aşağı qiymətə satmaqla stansiyanın xərcini, məsələn, 20 il ərzində ödəmək mümkündür. Lakin həmin enerjinin daha yüksək qiymətə, məsələn, 15-20 qəpiyə satılması investisiyanın geri dönüş müddətini əhəmiyyətli dərəcədə qısalda bilər. Təbii ki, qiymətlər bazar şərtlərindən və mövsümdən asılı olaraq dəyişir. Bu baxımdan Azərbaycan hökuməti elektrik enerjisinin böyük bazarlara ixracını əsas hədəflərdən biri kimi müəyyənləşdirib və bu istiqamətdə fəaliyyətini davam etdirir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: