Ukrayna Prezidenti Volodimir Zelenski general-mayor Mixaylo Drapatını Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı təyin edib.
Globalinfo.az xəbər verir ki, Zelenski bu barədə axşam videomüraciətində məlumat verib.
“Qərara aldım ki, Ukrayna Silahlı Qüvvələrinin yeni Baş komandanı Mixaylo Drapatı olsun. Onunla birlikdə Yevgen Xmara və Pavlo Palisa ilə Baş Qərargahın yenilənmiş strukturunu da müəyyənləşdirdik”, – deyə Ukrayna Prezidenti bildirib.
Zelenski eyni zamanda vəzifəsindən ayrılan Aleksandr Sırskiyə Kiyevin müdafiəsi, Xarkov əks-hücum əməliyyatı, Kursk istiqamətindəki əməliyyat və ölkənin müdafiəsinə verdiyi töhfələrə görə təşəkkür edib.
Prezidentin sözlərinə görə, Sırski və Andrey Qnatovla gələcək xidmət formatı və səlahiyyətlərin təhvil verilməsi məsələləri artıq müzakirə olunub.
Qeyd edək ki, Mixaylo Drapatı Ukraynanın ən gənc generallarından biri hesab olunur. O, 2014-cü ildən Rusiyaya qarşı döyüşlərdə iştirak edib, Donbas istiqamətində müxtəlif hərbi hissələrə komandanlıq edib. 2022-ci ildə başlayan genişmiqyaslı müharibə zamanı cənub və şərq cəbhələrində əməliyyatlara rəhbərlik edib, daha sonra Ukrayna Silahlı Qüvvələri Baş komandanının müavini, 2024-cü ildə isə Quru Qoşunlarının komandanı təyin olunub. Sonradan yaradılan Birləşmiş Qüvvələr qruplaşmasına da məhz Drapatı rəhbərlik edib.
Aysel Əliyeva
Globalinfo.az