ABŞ-İran qarşıdurmasında müharibə ilə diplomatiya artıq bir-birini istisna edən proseslər kimi deyil, eyni geosiyasi mübarizənin paralel alətləri kimi görünür. İranın nüvə və raket proqramı, Hörmüz boğazına nəzarəti, regional müttəfiqləri və ABŞ-ın rejim dəyişikliyinə münasibətinin dəyişməsi qarşıdurmanın yeni mərhələsini daha mürəkkəb edir.
Tərəflərin hərbi təzyiqi artırdığı bir vaxtda danışıqlar üçün kanallarını açıq saxlamaları təsadüfdürmü, yoxsa Vaşinqton və Tehran mümkün böyük sövdələşmənin şərtlərini müəyyənləşdirməyə çalışırlar? Tərəflər müharibədən sonra yeni güc balansına uyğun anlaşma modelinə gedirlər, yoxsa diplomatiya növbəti eskalasiyaya hazırlıq üçün taktiki fasilədən başqa bir şey deyil?
Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, ABŞ ilə İran arasındakı danışıqları müharibələrarası diplomatiya kampaniyası kimi təsvir etmək olar:
“Diplomatiyanın işləməsinə icazə vermək ABŞ və İran üçün vacibdir, həm də ona görə ki, tərəflər mümkün sövdələşmə imkanını müzakirə etməyə yaxınlaşsınlar.
Vaşinqtonla Tehran arasında sövdələşmə paketi haqqında təəssüratların yaranması yeni sürpriz fenomen sayıla bilməz.
ABŞ və İran 2001-ci ildə BMT platformalarında Əfqanıstan böhranı ətrafında gizli danışıqlar aparıblar. Bununla da, 1979-cu il İslam İnqilabından sonra “Amerikaya ölüm” şüarı ilə silahlanmış İran regional məsələlərdə ortaq mənafelər tapmaq potensialını nümayiş etdirib. Digər tərəfdən İran bu razılıqlara öz mövqeyini ABŞ-ilə uyğunlaşdıraraq irəlilətmə aktı kimi baxırdı və gizli fəaliyyətlərindən qalmırdı. Məhz bu gizli fəaliyyətlərin nəticəsində Corc Buş İranı “şər oxu” elan etdi, lakin bu da İran şüurunu sövdələşmələrə son qoymaq rejiminə kökləmədi.
Daha sensasion bir məlumat bundan sonra meydana çıxdı və iddialara əsasən, ali rəhbər Seyid Əli Xamenei ilə Prezident Məhəmməd Hatəmi faksla ABŞ-a gizli razılıq üçün mesaj göndərdi. Bu, Qərb mediasının manşetlərində “Böyük Sövdələşmə” kimi etiketləndi, lakin Buş administrasiyasının bu təklifi rədd etdiyi açıqlandı.
Məlumat axınlarındakı iddia və ondan irəli gələn şərhlərə baxmayaraq bir reallıq var: İran ABŞ-ın Əfqanıstan və İraqa müdaxiləsindən sonra Yaxın Şərqdə müqavimət oxunu genişləndirərək onun silahlı qanadlarını təkmilləşdirdi.
2015-ci ilə Nüvə Anlaşması böyük sövdələşmə paketinin bir hissəsi kimi qələmə verildi, hətta İranda sevinənlərlə bərabər, siyasi müzakirələrdə etiraz səsləri də ucaldı. Ancaq sonradan 2018-ci ildə Tramp bu müqavilədən çıxdıqlarını bəyan edəndən, 2020-ci ildə elit Qüds Qüvvələrinin komandanı Qasım Sülyemani öldürüldükdən sonra hər şey daha radikal mövqeyə doğru dəyişdi. Bütün bunlara baxmayaraq, diplomatiya və razılıq üçün bir qapı açıq qalmışdı, lakin 2025-ci ildə ABŞ ilə İran arasındakı nüvə danışıqlarının davam etdiyi zamanda Tehran hərbi hücuma məruz qaldı.
2026-cı ilin fevralındakı zərbələr isə İranı ən zəif anında vurdu – daxili iğtişaşlar, Yaxın Şərqdə proksi hərəkatların zəifləməsi və post-Xamenei dövrünə hazırlıq bu zəiflikləri vurğulayan əsas məqam idi”.
Analitik bildirib ki, İran ən zəif həlqədə belə müharibədən sağ çıxa bildi:
“Eyni zamanda ehtimal ki, ABŞ ilə ictimaiyyət üçün elan olunan danışıqlardan savayı gizli diplomatiya kanallarına da razılıq verdi. İran daxilində elita səviyyəsində və müxalif düşərgədən ABŞ ilə danışıqlara dair fikir ayrılıqları var, ümumi dövlət sistemində belə parçalanmış təbiət taktiki fərqliliklərə söykənir. Bu o deməkdir ki, İranın ümumi dövlət sistemi strateji məqsədlərdən uzaqlaşmayıb, amma maksimalist hədəflərə çatmağa dair aranan yollar müxtəlifdir.
İslam Respublikası belə bir zamanda özünün nüvə və raket proqramını genişləndirməyə davam edir.
ABŞ üçün İranın silah arsenalına nəzarəti təmin etmək çox çətin görünür. Tehranın danışıqlar mövqeyinə və müharibə məqsədlərinə Hörmüz boğazı üzərində İranın nəzarətini, nüvə proqramını və “Hizbullah”ı qorumaq daxildir.

Aqşin Kərimov
Üstəlik, Tehran ABŞ üçün ikinci təzyiq nöqtəsi tapıb – bu, husilərin Bab-əl Məndəbdəki beynəlxalq ticarəti bloklamaq cəhdində görünür.
ABŞ-ın isə müharibə məqsədlərindən ən azından biri dəyişmiş kimi nəzərə çarpır – bu, İranda formasiyanın dəyişməsinin baş tutmamasından sonra diqqət çəkir. Daha dəqiq desək, ABŞ indi İranda rejimin dəyişdirilməsinə strateji vəsait qoymağı məqəsədəuyğun hesab etmir.
ABŞ yəqin ki, İranda yüksəlişini təmin etmək üçün Anlaşma Memorandumunda nəzərdə tutulan 300 milyard dollarlıq yenidənqurma və inkişaf planının potensial təsirlərinin gözləntilərinə ümid edir. İran təbliğatı bunu ABŞ-nin təslimiyyət aktına imza ataraq təzminat ödəməsi kimi dəyərləndirir. Lakin səhnə arxasında Tehran bu maliyyə paketinə ABŞ ilə əməkdaşlığın iqtisadi əsaslarını formalaşdırmaq vasitəsi kimi baxa bilərdi. Lakin sonradan ABŞ-ın İrana qarşı hərbi əməliyyatları məhdud formada yenidən başlaması ümumilikdə Anlaşma Memorandumunun təsir dairəsinin əhəmiyyətə malik olmadığını göstərdi. ABŞ ilə İran münasibətləri indi hərbi əməliyyatlar və danışıqların vahid bir prosesdə birləşən xarakterini əks etdirir, buna baxmayaraq hər iki tərəfin “bazarlıq” üçün qapıları açıq saxladığına dair eyhamlar hiss olunur”.
Bu fərqliliklər vahid prosesin ayrı-ayrı epizodları kimi şərh oluna bilər, daha da mürəkkəbi İsrailin müharibə ilə danışıqların qarışığından irəli gələn modeldə tutduğu yerdir. İsrailin ABŞ ilə dərin fikir ayrılıqlarına düşməsi, ehtimalla Tehranla Vaşinqtonun əldə edəcəyi “böyük razılaşma”ya qarşı müdafiə refleksidir.
Bunlar indi daha çox ehtimal kateqoriyasındadır, fakt budur ki, İran ABŞ-ın qeyd-şərtsiz təslim olmaq vizyonuna nəinki güclü müqavimət göstərir, hətta yeni dövrə hazırlaşır”.
Analitik sözlərinə görə, bu, İran silahlı qüvvələri, kəşfiyyat aparatının genişmiqyaslı yenidənqurma prosesindən keçməsi ilə müşayiət olunur:
“ABŞ Müharibə Tədqiqatları İnstitutu hesab edir ki, bu transformasiya İranın 2025-ci ilin iyun və 2026-cı ildəki müharibələrdən öyrəndiyi dərsləri əks etdirir. İranın gələcək müharibədə daha radikal davranacağı və regional eskalasiyanı dərinləşdirəcəyi Vaşinqtona qarşı çəkindirmə gücünün yenilənməsinin nəticəsi kimi oxuna bilər. Bu, İraqda güclü əl kimi çıxış edən İranın milis qüvvələrini prosesə cəlb etməsi ilə fərqli bir ölçü alır.
Vaşinqtonun İranla qarşıdurma və diplomatiyanın kəsişməsində mövqelənməsində əsas üstünlüyü onun hələ də iqtisadiyyatda qlobal təsir gücünü saxlamasıdır. Birləşmiş Ərəb Əmirlikləri İranın Hörmüz boğazından keçmək və ya naviqasiyanı pozmaq səylərini dayandırmaq üçün İrana iqtisadi təzyiqi artırır. BƏƏ avqustun 18-dən bu yana İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb. Bu qərar ABŞ-ın iqtisadi sanksiyalarına uyğun olaraq, ticarət və maliyyə sahəsində mərhələli məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.
Qarışıq və mürəkkəb labirintdə kimin birbaşa qalib olduğunu təyin etmək çətindir, lakin Yaxın Şərqdəki nizamın hərbi eskalasiya yoxsa əməkdaşlıq rejiminə keçəcəyini müəyyən edən hadisələr zamanla dəqiq təyin olunacaq”.
Turan Rzayev
Globalinfo.az