“Microsoft”un həmtəsisçisi, milyarder Bill Qeyts süni intellektlə bağlı xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Reuters”ə danışıb.
Qeyts bildirib ki, heç bir hökumət süni intellektlə bağlı lazımi səviyyədə və əhatəli araşdırma aparmır.
Onun sözlərinə görə, süni intellekt iş yerlərinin itirilməsinə səbəb ola, kiberhücumlar və digər hücumlarla bağlı yeni risklər yarada, insanların isə süni intellektlə işləyən virtual dostlardan asılı vəziyyətə düşməsinə gətirib çıxara bilər.
Qeyts hökumətlərin bu problemlərin qarşısını almaq üçün birgə fəaliyyət göstərməli olduğunu vurğulayıb:
“Amma süni intellekt düzgün idarə olunar və texnologiyaya çıxışı hamı üçün əlçatan edərsə, dünyanın ən yoxsul təbəqələrinə böyük fayda verə bilər”.
Digər tərəfdən, Bill Qeytsin adını daşıyan fondun qarşıdakı iki il ərzində süni intellektə çıxışı genişləndirmək məqsədilə ən azı 1 milyard dollar xərcləməyi planlaşdırdığı qeyd olunur.
Məlumata görə, vəsait təhsil, səhiyyə və kənd təsərrüfatı sahələrinə yönəldiləcək. Həmçinin süni intellektin müxtəlif dillərdə işləməsinə imkan verəcək məlumat infrastrukturlarının inkişafına dəstək göstərilməsi nəzərdə tutulur.
Qeyts xüsusilə səhiyyə sahəsində süni intellektin böyük potensiala malik olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu texnologiya səhiyyə işçilərinə dəstək olmaqdan tutmuş yeni dərman və peyvəndlərin hazırlanmasına qədər geniş imkanlar yarada bilər.
O, həmçinin süni intellektlə bağlı narahatlıqlarını dünya liderləri ilə də müzakirə etdiyini açıqlayıb:
“ABŞ Prezidenti Donald Tramp və onun komandası ilə bu məsələni müzakirə etmişəm. Eyni zamanda, ilin sonuna doğru Çin Prezidenti Si Cinpinlə görüşməyi planlaşdırıram”.
Əliyar Xəlil
Globalinfo.az