Türkiyənin Sivas vilayətinin Divriği rayonunda itkin düşən 11 aylıq Büşra işi ilə bağlı saxlanılan şəxslərin sayı 10-a çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat verib.
İstintaq çərçivəsində körpənin anasının Büşranın atası tərəfindən öldürüldüyünü iddia etməsindən sonra axtarışlar yenidən genişləndirilib. Yaylaq ərazisində komandolar, izdəyişən itlər və süni intellekt texnologiyası ilə təchiz edilmiş pilotsuz uçuş aparatlarının iştirakı ilə axtarış əməliyyatı aparılır.
11 aylıq Büşranın taleyinin müəyyənləşdirilməsi üçün ərazidə genişmiqyaslı axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, Göndərən kəndinin İncedərə yaylasında heyvandarlıqla məşğul olan ailə sentyabrın 10-da Büşranın qaldıqları çadırda olmadığını aşkar edərək 112-yə məlumat verib. Hadisədən sonra bölgəyə göndərilən jandarma və digər qruplar tərəfindən körpənin tapılması üçün genişmiqyaslı axtarışlara başlanılıb.
Büşranın anası Elif Balıkçı ilkin ifadəsində uşağının həyat yoldaşı Yusuf Balıkçı tərəfindən bankdakı 1 milyon lirəlik borca görə satıldığını iddia edib. O, fotoşəkil və canlı tanınma zamanı uşağı alan şəxsin rayonda çalışan baytar Mehmet Ç. olduğunu bildirib.
Bu iddialardan sonra Elif və Yusuf Balıkçı, onların qohumları, ilk məlumatı jandarmaya verən şəxs, baytar Mehmet Ç. və Mehmet D. də daxil olmaqla ümumilikdə 9 nəfər saxlanılıb. Baytar Mehmet Ç. ilə daha iki şübhəli dindirmədən sonra sərbəst buraxılıb.
Safura Bənnayeva
Globalinfo.az