Türkiyə Milli Kəşfiyyat Təşkilatı zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq çərçivəsində “Kurtlar Vadisi Pusu” teleserialının ssenaristlərinin dindirilməsi onun fəaliyyətini yenidən gündəmə gətirib.
Bu müzakirələr fonunda Kozinoğlunun Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə olduğu iddia edilən fotosu sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentində sürətlə paylaşılmaqdadır. Fotonun 1992-ci ildə sərhəd məntəqəsində çəkildiyi deyilir.
Pənah Hüseyn
Globalinfo.az-a danışan sabiq Baş nazir Pənah Hüseyn deyib ki, Elçibəy həm prezident seçilməmişdən öncə, həm prezidentlik dövründə, həm də sonrasında Türkiyə və digər türk ölkələrindən rəsmi, eləcə də qeyri-rəsmi şəxslərlə görüşüb:
“Kaşif Kozinoğlu ilə də görüşünün olması istisna deyil. Lakin bu görüş olubsa belə, mənim bu haqda məlumatım yoxdur”.
Mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi, politoloq Oqtay Qasımov isə deyib ki, həmin fotodakı hərbçi Kaşif Kozinoğlu deyil:
“Həmin foto sərhəddə, ya da Kələkidə deyil, məhz Ankara yaxınlığındakı hərbi hissədə çəkilib. O zaman Türkiyədə təhsil alan azərbaycanlı hərbçilər təlim keçirdilər və Elçibəy də ona görə orada idi.
K.Kozinoğluya gəldikdə isə, o, 1992-ci ilin dekabr ayında Azərbaycana gəlib. Könüllü şəkildə Azərbaycan ordusunun yaradılmasında iştirak etmək istəyirdi. O vaxta qədər K.Kozinoğlu Türkiyəyə göndərilən azərbaycanlı hərbçilərə təlim keçən zabit idi.
Oqtay Qasımov
1992-ci ildə Azərbaycana gəldi, 1993-cü ilin yanvarında isə çağırışçılardan ibarət iki batalyon yaradıldı. Onların təlimi Kaşif Kozinoğluna verildi. O batalyonlardan biri vaxtından əvvəl döyüş bölgəsinə göndərilib. İkincisi isə üç aylıq təlimi bitirdikdən sonra döyüşlərə qatılıb. Bu, 777 saylı hərbi hissədir və o vaxtkı Tərtər-Ağdərə istiqamətində döyüşüb, qəhrəmanlıq göstəriblər.
Gəncə qiyamından sonra K. Kozinoğlu Türkiyəyə qayıdıb. Orada hərbi xidmətini davam etdirən Kozinoğluya Ərgənəkon davasında ittiham irəli sürüldü. Amma proseslərin gedişində o, artıq həyatını itirmişdi”.
Oqtay Qasımov qeyd edib ki, Kozinoğlu ilə Elçibəy arasında ayrıca bir görüş olmasa da, iki batalyonun onun nəzarətində olması dəqiqdir:
“Ümumiyyətlə, o, Azərbaycan ordusunun Türkiyə ordusu modelində hazırlanmasını istəyirdi. Kozinoğlunun yetişdirdiyi hərbçilər peşəkar, nizam-intizamlı idi. Üstündən xeyli vaxt keçdiyi üçün bu faktları indi açıqlayıram”.
Turan Rzayev
Globalinfo.az