Müqavimət göstərən separatçılara son şans verildi

“Rəsmi Bakı silahı yerə qoyan separatçılara amnistiyanın nəzərdən keçirildiyini elan edib. Amnistiya məsələsini Vaşinqton xahiş etmişdi və Əliyev təslim olacaqları halda bunun mümkünlüyünə baxıla biləcəyini açıqlamışdı”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, separatçıların öz xoşları ilə deyil, antiterror tədbirləri nəticəsində təslim olmaları situasiyanı dəyişdirir:

“Rəsmi Bakı Azərbaycan qanunlarını pozan hər kəsi cəzalandıra bilər, lakin amnistiya təklifini nəzərdən keçirməyə hazırdır. Bu, həm ərazinin qısa müddətdə və itki vermədən təmizlənməsi, həm də beynəlxalq müstəvidə mövqeyimizin güclənməsi baxımdan əhəmiyyətlidir. İstisna deyil ki, Yevlax görüşündə erməni nümayəndələrə amnistiya təklifi təqdim edilib.

Hərçənd Hikmət Hacıyevin “Bəzi hərbi birləşmələr müqavimət göstərməkdə davam edəcəklərini bildirsələr də, Bakı silahı yerə qoyan Qarabağ separatçılarına mümkün amnistiyanı nəzərdən keçirir” açıqlaması fonunda bu təklifdən fərqli nəticə də çıxır”.

A.Nərimanlı deyib ki, Azərbaycan rəsmi şəkildə “bəzi hərbi birləşmələrin müqavimət göstərdiyini” bildirir və “amnistiya mümkündür” deyə əlavə edir:

“Bu o deməkdir ki, silahı buraxmaq istəməyənlərin təslim edilməsi istiqamətində addımlar atılacaq, rəsmi Bakı da tədbirlərin görülməsi zərurəti yaranmamışdan öncə “amnistiya təklifi” ilə son seçim imkanı verir”.

Zaira Akifqızı
Globalinfo.az