“Xüsusi təminatlılar”ın Xankəndi əməliyyatı: İnanılmaz səs yazıları – VİDEO

*** 07.09.23  10:56

Azərbaycan ictimai mühitində hər kəsin düşündüyü, yalnız kiçik qrupun davamlı dilə gətirdiyi bir müəmma var: Ermənistanla sərhəddə və Qarabağda nələr baş verir?

Proses o qədər gizli gedir ki, hətta peşəkar ekspertlər belə bu suala birmənalı cavab verə bilmirlər. Ancaq bütün hərbi sirlərdən agah olan iki qruplaşma var – “xüsusi təminatlı xalalar”“xüsusi təminatlı balalar”.

Telefon və internetlə təmin olunmuş bu qruplar özləri də bilmədən erməni kəşfiyyatını müəyyən məlumatlarla da təmin etmiş olurlar.

Özü də bunlar müharibə, hərbi insident kimi məsələlərdən hamıdan tez xəbər tuturlar. Qəribədir, texnikalar hərbi hissədən çıxanda elə bil bunlara bildiriş gedir.

Onlar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin, MOSSAD-ın, MİT-in belə bilmədiyi proseslərdən xəbərdardırlar. Mənə elə gəlir ki, onların telefonunda istənilən hərbi texnikanın, kolonun videosu var. Axtarsaq, “kaşlok”larından Xankəndinin azad edilməsi əməliyyatının xəritəsi də tapılar.

“Xüsusi təyinatlı xalalar”ın informasiya mənbəyi “xüsusi təminatlı balalar”dır. Məhz “balalar” yolda gördükləri kolonu çəkib, sosial şəbəkədə paylaşırlar. Videonu əldə edən “xalalar” Vatsap istiqamətində hücuma keçərək, qeybdən gəlmiş müharibə xəbərini hamıya səs şəklində ötürürlər. Özü də təxminən bu cümlələr: “Azz uşaxlarnan danışmışam, bizimkilər keçibdilər, müharibə başdıyır, heş kimə demə haa”.

Və bu səs yazısını 1400 nəfərə göndərirlər.

Bunlar şəbəkədirlər. Dünyada heç bir xəbərləşmə proqramı onlar qədər sürətli və effektli deyil.

Onların yaydıqları bu məlumat, inanılmaz səs yazıları və videolar qısa müddət sonra sosial şəbəkənin erməni seqmentində qarşımıza çıxır. Yəni erməni kəşfiyyat orqanlarının bacarmadıqlarını bu “xalalar və balalar” bacarırlar.

Bu, işin düşmənə fayda verən tərəfi.

İşin dövlətin, ordunun maraqlarına zərbə vuran tərəfi də aydın məsələdir.

Daha bir məsələ cəmiyyətdə xaos və təşviş yaratmasıdır. Xüsusən yaşlı, xəstə, həssas insanlar növbəti müharibə ehtimalını böyük narahatlıqla qarşılayırlar.

Bu xalq hələ 3 min şəhidinin ağrısını unuda bilməyib.

Çünki hər şəhid təkcə öz ailəsindən yox, hamımızın evindən gedir.

İndi evlərimizdən çəkilib tarixin ən uca məqamına yüksələn o qəhrəmanların xatirəsinə 1 dəqiqəlik sükut yox, bir müddətlik susmaq lazımdır. Bildiklərimizi, bizə deyilənləri başqaları ilə bölüşmədən susaq. Susaq ki, düşmən də xəbər tutmasın.

Susaq, çünki bu gün o şəhidlərin qardaşları səngərdədir. Fikrimi görkəmli şairimiz Vaqif Bayatlının əfsanəvi şeiri ilə tamamlayım:

Dilərəm Tanrıdan qəlbə dəyməyən,
Uduzub yorulan, udub doymayan,
Ağlaya-ağlaya top-top oynayan,
Qardaşımın üzü köməyim olsun.

Aqşin Evrən
Globalinfo.az