Polşada yaşayan ukraynalılar ictimai yerlərdə ana dillərində danışmaqdan imtina ediblər.
Globalinfo.az xəbər verir ki, buna səbəb onların təzyiq və təhqirlərə məruz qalmaqdan qorxmasıdır.
Ukrayna Prezident Aparatı rəhbərinin müavini İrina Vereşçukun sözlərinə görə, problem xüsusilə məktəblərdə bullinqdən qorxan gənc qızlar və uşaqlara təsir edib.
O vurğulayıb ki, bullinqə məruz qalanların bir çoxu hətta kömək üçün aidiyyəti qurumlara müraciət etmir.
“Eurostat”ın məlumatına görə, iyun ayında 6 335 ukraynalı Polşanı tərk edib. Son bir ildə Polşada ukraynalılara qarşı nifrət zəminində törədilən cinayətlərlə bağlı müraciətlərin sayı üçdə bir artıb.
İddialara görə, Polşa cəmiyyətinin ukraynalı qaçqınlara münasibətinin pisləşməsi 2023-cü ildən müşahidə olunur. Həmin vaxt polyakların əksəriyyəti ukraynalılara rəğbət bəsləsə də, 2026-cı ilə qədər onlara qarşı mənfi münasibət bəsləyənlərin sayı artıb. Narazılığın səbəbləri arasında əmək bazarında rəqabət, tarixi mübahisələr və miqrantlar arasında cinayətkarlığın artması göstərilir.
Əliyar Xəlil
Globalinfo.az